Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub YENİLƏNİB -3 VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.

Məlumat verildi ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.

Diqqətə çatdırıldı ki, əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və “Qarabağa dönüş” İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.

Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin
giriş nitqi

- Mən ikinci dəfədir ki, bu binadayam. On iki il bundan əvvəl binanın açılışında iştirak etmişəm. Onu da bildirməliyəm ki, bu bina mənim göstərişimlə inşa edilmişdir və ovaxtkı məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur, Qarabağdan olan məcburi köçkünlərin təşkilatı bu binada yerləşmişdi. İkinci dəfədir ki, buradayam və artıq bu binada Qərbi Azərbaycan İcması yerləşibdir. Bu gün biz bu binanın Qərbi Azərbaycan İcmasına verilməsini qeyd edirik.

Bildiyiniz kimi, avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir və mən hesab etdim ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır. Təkcə ona görə yox ki, bu, çox gözəl binadır, dördmərtəbəlidir və burada fəaliyyət göstərmək üçün bütün imkanlar var, Heydər Əliyev Mərkəzi ilə demək olar ki, üzbəüz yerləşir. Əsas səbəb o idi ki, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.

Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik.

Tariximizdə şanlı səhifələr də olub, əfsuslar olsun ki, qara səhifələr də olub. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında mən dəfələrlə öz fikirlərimi bildirmişdim. Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirmişdim. Bu, doğrudan da dünya miqyasında, müsəlman aləmində ilk respublika idi, baxmayaraq ki, cəmi iki il yaşadı. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.

O vaxt bu qərarı müxtəlif səbəblərlə izah etməyə çalışanlar da olub, bu gün də var. Ancaq hesab edirəm ki, heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi.

Yəni, görün, cəmi iki il ərzində xalqımızın başına nə qədər böyük bəlalar gətirildi. Əgər kimsə hesab edirdi ki, 1918-ci ildə İrəvanı Ermənistana verməklə biz hansısa daha böyük bəlalardan özümüzü sığortalamış ola bilərdik, bax, Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi. Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.

Bununla Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdır. Azərbaycan xalqı böyük fədakarlıq göstərmişdir. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini həlak olmuşdur. O vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da həlak olmuşdur. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna rol oynamışdır. Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt qələbə qazana bilməzdi. Bunu hər kəs bilir. Bu rəqəmlər dəfələrlə səsləndirilib. Benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan təchiz edilirdi. Bütün bunlara baxmayaraq, xalqımıza qarşı növbəti cinayətin törədilməsi, yenə də deyirəm böyük vicdansızlıqdır və saxta bəhanə adı altında xalqımız növbəti deportasiyaya məruz qalmışdır.

Nəhayət 1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi.

Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük.

Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.

Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

Bu il başa çatır. İl ərzində bir çox önəmli hadisələr baş vermişdir. Biz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bax, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq.

Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz. Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər. Yəni, Laçın yolunda baş verən hadisə gün kimi aydındır. Bu, bizim legitim hüququmuzdur. Bizim təbii sərvətlərimiz istismar edilir, təbii sərvətlərimiz daşınır. O təbii sərvətlərimizi istismar edənlər istənilən beynəlxalq hüquqi normaya görə cinayətkardırlar. Çünki bu, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazimizdir və haqlı tələbimiz var ki, bizim ictimaiyyət nümayəndələri və ilk növbədə, ondan əvvəl dövlət qurumlarının nümayəndələri monitorinq keçirməlidirlər. Baxmalıdırlar orada hansı işlər baş verir və o qanunsuz fəaliyyət dayandırılmalıdır. Bizim haqlı tələbimiz bundan ibarətdir. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.

Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər.

Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq. Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da İcmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Bizim bir çox ölkələrdə diaspor təşkilatlarımız var və bu il biz Şuşada tarixi Azərbaycan diaspor təşkilatlarının qurultayını keçirdik. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni, biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur.

Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Məsələn, indi bunu artıq dünyada da bilməyə başlayırlar və sual olunur, - bu sualı biz qoymuşuq, Azərbaycan nümayəndələri, bu məsələ ilə məşğul olan insanlar qoyublar, - indi göstərin görək İrəvanın tarixi mərkəzi haradır? Haradadır İrəvanın tarixi mərkəzi? Əgər deyirsiniz ki, guya bu, dünyanın ən qədim şəhəridir. Haradadır bunun tarixi mərkəzi?

İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə - Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni, bütün bunlar göstərilməlidir. Yəni, siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə bizim işimiz bu tarix üzərində qurulmalıdır.

Hüquqi tərəfə gəldikdə, biz birlikdə fikirləşməliyik, beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Azərbaycan dövləti burada da kömək göstərəcək. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə necə reallaşdırmaq lazımdır yolunu göstərəcəklər.

Əlbəttə ki, bizim tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir. Müəyyən dövrdə kitablar dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitab dərc edilmişdir. Siz o kitabın müəllifisiniz. Mən onu görmüşəm. Amma onu indi Azərbaycanda çox adam görübmü? Yox. Bilmirəm o, hansı tirajla dərc edilib. Yəni, siz təşəbbüs olaraq bunu özünüz etdiniz, imkanınız çatan tərzdə. Amma biz bunu dövlət səviyyəsində etməliyik. O kitabça bütün dillərə tərcümə edilməlidir. Onun yanında həm də elektron daşıyıcısı olmalıdır. Xarici dillərə tərcümə edilməlidir. Yəni, bu təbliğat işləri mütləq aparılmalıdır.

Hesab edirəm ki, ildə bir dəfə, ya da iki ildən bir Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilməlidir. Biz özümüz üçün dost saydığımız ölkələrdən alimləri, arxeoloqları, tarixçiləri dəvət edəcəyik ki, mötəbər bir beynəlxalq konfrans keçirək, bunu təqdim edək. Yəni, bir çox addımlar atılmalıdır ki, bu mövzu gündəlikdən çıxmasın, əksinə bu mövzu beynəlxalq gündəliyə daxil edilsin. Çünki bu gün Ermənistan monodövlətdir. Biz bunu deyəndə, haqlı olaraq dünya ictimaiyyətinə bildiririk ki, bu, dözülməzdir. İndi Avrasiya məkanında, yerləşdiyimiz regionda hansı ölkə monodövlətdir? Bəs, sual olunur nə üçün məhz Ermənistan monodövlətdir? Cavab aydındır, ona görə ki, imkan verməyiblər orada başqa xalqlar yaşasın. O xalqları oradan müxtəlif yollarla çıxardıblar, kimi öldürüblər, kimi hədələyiblər, kimin evini yandırıblar. Beləliklə, bütün başqa millətləri oradan qovub, başqasının torpağında özləri üçün dövlət qurublar. Bu ərazidə heç vaxt Ermənistan olmayıb. İndiki Ermənistan bizim torpağımızdır. Mən bunu dəfələrlə deyəndə, mənə irad tuturlar, çalışırlar irad tutmağa ki, mənim ərazi iddiam var. Mən bunu tarixi həqiqət kimi deyirəm. Əgər kimsə başqa versiyanı təsdiq edə bilsə, gəlsin təsdiq etsin.

Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq.

Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik. Biz öz keçmişimizi yaxşı bilirik. Qərbi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerləri yaxşı bilir. İndi müxtəlif yollarla bu informasiyanı əldə etmək olar. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində heç kim yaşamır. Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür. İnsanlar oradan gedir. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik. Ona görə biz Qayıdış Konsepsiyası üzərində işləməliyik. Bu, çox sanballı sənəd olmalıdır. Əlbəttə ki, mütləq digər təkliflər də olacaq. Mən, sadəcə olaraq, bu gün bu görüş əsnasında gələcək fəaliyyətinizlə bağlı öz fikirlərimi bölüşmək istərdim.

Əlbəttə ki, mən sizdən də təkliflər gözləyəcəyəm. İcma həm öz imkanları daxilində, həm də Azərbaycan dövlətinin dəstəyi ilə bu işlərə, necə deyərlər, böyük yer verməlidir. Əminəm ki, biz buna nail olacağıq.

Bir daha onu da bildirməliyəm ki, bu yer İcma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.

x x x

Sonra çıxışlar oldu.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov dedi:

- Möhtərəm cənab Prezident.

Möhtərəm Müzəffər Ali Baş Komandan.

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və bütün üzvləri adından Sizi ürəkdən salamlayır və tarixi torpaqlarımız uğrunda mübarizə aparmaq üçün bizə yaratdığınız hərtərəfli şəraitə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Möhtərəm cənab Prezident, bu gün Azərbaycan xalqı, dünya azərbaycanlıları və bütün Türk dünyası Sizinlə qürur duyur. Siz 44 günlük Vətən müharibəsi nəticəsində xalqımıza Azərbaycan tarixinin son 270 ilində analoqu olmayan möhtəşəm bir Zəfər yaşatdınız.

Mən ona görə Azərbaycan tarixinin son 270 ilində deyirəm ki, düz 270 il bundan əvvəl Azərbaycan xanlıqlara parçalandı və bu parçalanma son iki yüz ildə xalqımızın başına gələn bütün faciələrin başlanğıcı oldu. Bu parçalanmadan az sonra ərazilərimiz yadellilər tərəfindən işğal olundu, əhalimiz dəfələrlə deportasiyalara, soyqırımlarına, etnik təmizləmələrə məruz qaldı. Faciələrlə dolu bu tarixi proses düz 200 il davam etdi. Yalnız 2020-ci il sentyabrın 27-də Sizin siyasi iradəniz, diplomatik gücünüz və hərbi sərkərdəlik bacarığınızla bu 200 illik tarixi proses durduruldu və geriyə sayım başladı. İlk növbədə, 30 il işğal altında qalan torpaqlarımız düşməndən azad edildi. Bu gün biz qətiyyən şübhə etmirik ki, bu geriyə sayım 200 il əvvəlki sıfır nöqtəsinə qədər davam edəcək və biz Qərbi azərbaycanlılar da öz tarixi torpaqlarımıza qayıtmaq imkanı əldə edəcəyik.

Möhtərəm cənab Prezident, uzun illər Azərbaycan Qaçqınlar Cəmiyyəti adı ilə fəaliyyət göstərən bir qurumun bu gün Qərbi Azərbaycan İcması kimi fəaliyyətini davam etdirməsi üçün göstərdiyiniz dəstəyə, yaratdığınız şəraitə görə bir daha Sizə təşəkkürümüzü bildiririk. Bu, bizə tarixi torpaqlarımıza qayıtmaq uğrunda apardığımız mübarizədə yeni güc verir. Əslində, bu mübarizənin təməlini 1997-ci il dekabrın 18-də imzaladığı “Deportasiya haqqında” və 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” tarixi fərmanları ilə Ulu Öndər Heydər Əliyev qoymuşdur. Bu mübarizəni davam etdirmək, sona çatdırmaq hər birimizin vətəndaşlıq borcu və Ulu Öndərin ruhu qarşısında övladlıq borcumuzdur.

Möhtərəm cənab Prezident, Qərbi Azərbaycan İcması olaraq biz çiynimizi hansı ağır və şərəfli yükün altına verdiyimizin fərqindəyik və Sizi əmin edirik ki, Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, erməni yalanlarının sona qədər ifşası və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması, bərpası və bütün bu cinayətlərə görə Ermənistan dövlətinin və erməni millətçilərinin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün mümkün olan hər şeyi edəcəyik.

Fürsətdən istifadə edərək, Qərbi Azərbaycan torpaqlarına mənəvi qayıdışın təməlini qoyan sərəncamlarınıza görə Sizə təşəkkür edirik. Son il yarım ərzində Aşıq Ələsgərin 200 illik yubileyi, Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin ucaldılması, İrəvan Müəllimlər Seminariyasının və İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illik yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlarınız tarixi torpaqlarımızdakı mənəvi irsimizə sahib çıxmağın parlaq nümunəsidir. Bu il Qərbi Azərbaycanda daha bir təhsil ocağının - İrəvanda ilk dünyəvi məktəb olan İrəvan qəza məktəbinin 190, onun bazasında yaradılan İrəvan gimnaziyasının 140 illiyidir. O gimnaziyanın ki, 1918-ci ildə onun sonuncu buraxılışını Azərbaycanın böyük elm və dövlət xadimi Əziz Əliyev qızıl medalla bitirmişdir.

Möhtərəm cənab Prezident, bu gün xalqımız üçün tarixi bir gündür. Qarabağımızı, Şərqi Zəngəzurumuzu, Şuşamızı xalqımıza qaytaran, xalqımıza qürur, dövlətimizə başucalığı gətirən Müzəffər Ali Baş Komandanımızın ad günüdür. Bu münasibətlə Qərbi Azərbaycan İcmasının bütün üzvləri adından Sizi ürəkdən təbrik edirik. Taleyinizin bu önəmli günündə vaxt ayırıb bizimlə bir arada olduğunuz üçün Sizə bir daha təşəkkürümüzü bildiririk.

Sonda istəyirəm biləsiniz ki, bütün Azərbaycan xalqı kimi, bütün dünya azərbaycanlıları kimi, onların bir parçası olan biz Qərbi azərbaycanlılar da bütün fəaliyyətinizdə son nəfərimizə və son nəfəsimizə qədər yanınızdayıq.

Sağ olun.

x x x

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları.

Sabahınız xeyir olsun, hər birinizi ürəkdən salamlayıram. Cənab Prezidentin bu gün burada qeyd etdiyi kimi, XX əsrdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız erməni vəhşilikləri nəticəsində etnik mənsubiyyətlərinə görə dörd dəfə öz dədə-baba yurdlarından didərgin salınmışlar. Sonuncu - 1988-ci il deportasiyasından sonra bu insanların ictimai-mədəni birliyinə nail olmaq məqsədilə Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradıldı. Həmin cəmiyyətin bazasında yenidən təşkil edilmiş Qərbi Azərbaycan İcmasının fəaliyyətə başlaması münasibətilə bütün soydaşlarımıza gözaydınlığı vermək istəyirəm, gözünüz aydın olsun.

Bu arzumuzun reallaşmasına böyük qayğı göstərən, bu gün - dekabrın 24-də burada iştirakı ilə tədbirimizin və İcmanın mahiyyətini dəfələrlə yüksəldən cənab Prezidentə sonsuz minnətdarlığımızı bildiririk.

Əslində, onilliklər ərzində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuş Qərbi azərbaycanlılar müxtəlif qurumlarda birləşərək daim öz etirazlarını və tələblərini bildirmiş, bu məsələyə beynəlxalq səviyyədə diqqət cəlb etməyə dəfələrlə cəhdlər göstərmişlər. Ötən müddətdə neçə-neçə kütləvi informasiya vasitəsi, qəzetlər, saytlar yaradılmış, dədə-baba yurdumuzun tarixinə, adət-ənənələrinə və digər məsələlərə həsr edilmiş yüzlərlə məqalə, onlarla kitab yazılmışdır.

Ancaq nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən cənab Prezident 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edildikdən sonra bu İcmanın vahid bir qurumda birləşməsini məsləhət görüb, əslində, İcmaya sahib çıxaraq onun fəaliyyətinə şərait yaradıb, məhz indi bu işin vacib olduğunu nümayiş etdirib.

Həqiqətən son 500 illik, bəlkə də daha böyük tariximizin ən mühüm hadisələrindən biri olan bu şanlı Qələbə Müzəffər Ali Baş Komandanın qətiyyətini, əzmkarlığını, hərbi-siyasi iradəsini bütün dünyaya bir daha nümayiş etdirdi. Xalqımız bu Qələbəni ümumxalq bayramı kimi dəyərləndirmiş, sıravi əsgərdən Ali Baş Komandana kimi hamı bir-birini ürəkdən təbrik etmişdir.

Bugünkü imkandan istifadə edərək xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə münasibətilə İcmamız adından cənab Prezidenti ürəkdən təbrik edirəm.

Bu Qələbə Azərbaycanı sonsuz məhəbbətlə sevən Ümummilli Lider Heydər Əliyevin azadlıq ideallarının parlaq təzahürü kimi xüsusilə əhəmiyyətlidir. Onun vəsiyyətlərini reallaşdıran, Azərbaycanı dünya siyasətinin bütün labirintlərindən yüksək məharətlə keçirərək bizə Qələbə sevincini yaşadan, ölkəmizi dünyada qalib dövlət, xalqımızı isə məğrur xalq kimi tanıdan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident.

Təxminən bir il bundan əvvəl Siz sadə əməyimi yüksək qiymətləndirərək məni Vətənin ali mükafatlarından olan 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdiniz. Bugünkü görüşümüzdən istifadə edərək, yüksək diqqətinizə görə Sizə dərin minnətdarlığımı çatdırır və bildirmək istəyirəm ki, bütün xalqımız kimi mən də Sizin rəhbərlik etdiyiniz bu qalib Vətənə xidmət etməkdən böyük məmnunluq hissi keçirirəm və ömrümün sonuna kimi bu dövlətə, xalqa, ölkəyə sədaqətlə qulluq etməyə söz verirəm.

Sizə məlumat vermək istərdim ki, bu sahədə apardığınız və müdrik siyasətdən ruhlanaraq bu il “Qərbi Azərbaycan həqiqətləri” adlı tarixi mənbələrə əsaslanan kitabı başa çatdırıb oxuculara təqdim etmişəm.

Hörmətli tədbir iştirakçıları, çıxışımın sonunda əmin olduğumu bildirmək istəyirəm ki, cənab Prezidentin müdrik rəhbərliyi ilə yaxın gələcəkdə xəyallarda yaşatdığımız reallıqlara qovuşacaq, öz doğma torpaqlarımıza gedib dədə-babalarımızın məzarlarını, oradakı müqəddəs abidələri ziyarət edə biləcəyik. Bu yolda hamımıza uğurlar arzulayıram. Bir daha təşəkkür edirəm.

x x x

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı dedi:

- Zati-aliləri, möhtərəm cənab Prezident.

İcazə verin, Sizi Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası və erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş çoxsaylı qaçqın bacı və analarımız adından salamlayım. Bu ali məclisdə çıxış etmək sözsüz ki, mənim üçün böyük şərəfdir, amma Sizin, Zati-alinizin, Müzəffər Ali Baş Komandanın qarşısında çıxış etmək bir o qədər çətin və məsuliyyətlidir.

Möhtərəm cənab Prezident, Azərbaycan xalqı hələ də Müzəffər Sərkərdəliyinizlə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin tükənməz sevincini yaşayır və bundan sonra da daim bu sevinclə yaşayacaq. Sizin sarsılmaz və qətiyyətli siyasi iradənizin rəmzi olan və dünya hərb tarixinə “Dəmir yumruq” əməliyyatı kimi yazılmış Vətən müharibəsində rəşadətli milli Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə bir neçə əsrlik tarixi olan dünya erməniliyi əbədi məğlubiyyətə düçar oldu və 30 il düşmən tapdağında olan Qarabağ azad edilərək, məcburi köçkün soydaşlarımızın doğma yurdlarında hüquqları bərpa olundu.

Qürur hissi ilə deməliyik ki, gələcək nəsillər üçün tükənməz mənəvi sərvət olan bu Zəfərlə Siz tarixi ədaləti bərpa etdiniz, xalqımızı dünyaya qalib, şərəfli və qürurlu məğlubedilməz bir xalq kimi tanıtdınız. Sizə sonsuz təşəkkür edirik, möhtərəm cənab Prezident.

Minnətdarlıqla deməliyik ki, Sizin fəaliyyətiniz boyu Azərbaycanın milli maraqları naminə qəbul etdiyiniz qərarlar xalqımızın rifahını, dövlətimizin güc və nüfuzunu dünyada ildən-ilə daha da artırır.

Ulu Öndərimiz Heydər Əliyevin bütün vəsiyyətlərini sədaqətlə həyata keçirərək, müasir dövrün çağırışlarına cavab verən uzaqgörən siyasətiniz sayəsində və zəngin dövlət idarəetmə təcrübənizlə Azərbaycan bu gün tarixinin intibah dövrünü yaşayır. Ötən illər ərzində Siz təkcə Qarabağ uğrunda mübarizə aparmadınız, ən mötəbər kürsülərdə, ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını dünyaya bəyan etdiniz.

Müdrikliklə səsləndirdiyiniz və bu gün dillər əzbəri olan “nəyi, necə və nə vaxt etmək lazımdır... bunu mən bilirəm” kimi dərin mənalı fikirləriniz Qərbi Azərbaycan İcmasının da fəaliyyətinin yol xəritəsidir.

Həyata keçirdiyiniz məqsədyönlü siyasətin nəticəsidir ki, Qarabağın azad olunması uğrunda bir yumruq olan dünya azərbaycanlıları zaman-zaman etnik təmizləməyə, soyqırımına, deportasiyaya məruz qalmış minlərlə qaçqın soydaşımızın tarixi Azərbaycan torpaqları üzərində itirilmiş hüquqlarının bərpası üçün Müzəffər Ali Baş Komandanın əmrini gözləyir. Əminik ki, Sizin prinsipiallığınız, müdrik və uzaqgörən diplomatiyanızla, dövlətimizin gücü və milli birliyimizlə xalqımız haqlı mübarizəsində öz məqsədinə qovuşacaq.

Möhtərəm cənab Prezident, özümə borc bilərək, böyük ehtiramla deməliyəm ki, respublikamızın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti və uğurlu mədəniyyət diplomatiyası ilə xalqımızın qədim, eləcə də ümumtürk və ümumbəşər mədəniyyətinə çoxsaylı töhfələr bəxş olunub və Azərbaycan bu gün bu qədim və zəngin mədəniyyəti ilə dünyanın tolerantlıq mərkəzi kimi təbliğ edilir və təqdir edilir.

Ərazi bütövlüyümüz və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən ən yüksək dövlət qayğısı məhz Sizin və möhtərəm Mehriban xanım Əliyevanın nəcib və humanist əməllərinizin sübutudur.

Möhtərəm cənab Prezident, Azərbaycan xalqı qarşısında misilsiz və fədakar xidmətlərinizlə Siz bugünkü və gələcək nəsillər üçün örnək olmaqla, dünya azərbaycanlılarının, eləcə də hər bir Qərbi azərbaycanlının iftixarı, qüruru, dayağı və güvənc yerisiniz.

Bu ali məclisdə Sizi bir daha əmin etmək istərdik ki, Qərbi Azərbaycan İcmasının, eləcə də İcmanın Qadınlar Şurasının hər bir üzvü Sizin müqəddəs siyasi kursunuzu var qüvvəsi ilə dəstəkləyəcək və qəsb edilmiş tarixi Azərbaycan torpaqları üzərində xalqımızın itirilmiş hüquqlarının bərpası yolunda müsəlləh əsgəriniz olacaq.

Diqqətinizə görə çox sağ olun. Allah Sizi qorusun! Allah Sizin ailənizi qorusun!

x x x

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov dedi:

-Möhtərəm cənab Prezident.

Mən də bu təbriklərə qoşularaq Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm, Sizə uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram. Bu gün Qərbi Azərbaycandan deportasiya olunmuş insanların varislərinin bir araya gələrək Qərbi Azərbaycan İcmasını təsis etməsi, mən hesab edirəm, tarixi bir hadisədir. İcmanın yaradılmasının ilk mərhələsindən başlamış bu günə qədər Sizin diqqət və qayğınızın şahidiyik. Sizin üçün özəl olan bu gündə Qərbi Azərbaycan İcmasına gəlməyiniz və bizimlə bir arada olmağınız bu diqqət və qayğının bariz nümunəsidir. Mən bu qayğıya, bu diqqətə görə Qərbi Azərbaycan İcmasının ağsaqqalları və ziyalıları adından Sizə dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Qərbi Azərbaycan İcmasının, Siz də öz çıxışınızda qeyd etdiyiniz kimi, ən ümdə amalı tarixi Qərbi Azərbaycan torpaqları olan Göyçəyə, İrəvana qayıtmaqdır. Bu gün Qərbi Azərbaycan İcmasının və bizim Qərbi Azərbaycandan olan və Azərbaycanın elmi-mədəni, ictimai-siyasi həyatında böyük xidmətlər göstərmiş çoxlu sayda ağsaqqallarımız var və İcmaya axın bu gün də davam edir. Burada qeyd olunduğu kimi, möhtərəm cənab Prezident, Sizin Müzəffər Ali Baş Komandan kimi rəşadətli Azərbaycan Ordusuna rəhbərliyiniz sayəsində qəhrəman Ordumuz torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu möhtəşəm tarixi Qələbə Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıtmaq hüququ yaratdı, onlarda qayıtmağa ümid yaratdı.

Möhtərəm cənab Prezident, Qərbi Azərbaycandan deportasiya olunmuş insanlara münasibət müxtəlif dövrlərdə eyni olmayıb. Məhz müxtəlif dövrdə siyasi hakimiyyətin onlara ögey münasibəti nəticəsində bu insanlar böyük məhrumiyyətlərə düçar olublar, itkilər veriblər. Bu da bir tarixi faktdır ki, yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, eləcə də hakimiyyətinin bütün dövrlərində bu insanlara diqqət, qayğı olub və onların bir çox problemlərinin həll edilməsi istiqamətində uğurlu addımlar atılıb.

Bu böyük faciəyə hüquqi-siyasi qiymət də vaxtilə verilməyib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra imzaladığı fərmanlardan sonra bu deportasiya və soyqırımına hüquqi-siyasi qiymət verilib, bu hadisələrin, bu faciənin sistemli araşdırılması və geniş miqyasda ictimailəşdirilməsi üçün ciddi addımlar atılıb.

Bütün bunlara baxmayaraq, möhtərəm cənab Prezident, Qərbi Azərbaycandan olan ziyalılar Azərbaycanın elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənətinə çox böyük töhfələr veriblər. Mən bu gün böyük qürur hissi ilə həmin ziyalılardan böyük ictimai-siyasi xadim, dövlət xadimi Əziz Əliyevin, akademiklərdən Mustafa bəy Topçubaşovun, Heydər Hüseynovun, Zərifə xanım Əliyevanın, Həsən Əliyevin, Cəlal Əliyevin, böyük ustad Aşıq Ələsgərin, böyük bəstəkarımız Səid Rüstəmovun, böyük ədəbiyyatşünaslarımızdan Cəfər Xəndanın, Mirəli Seyidovun və rejissorumuz Hüseyn Seyidzadənin adını çəkmək istərdim. Bu gün də bu insanlar qədirbilən Azərbaycan xalqı tərəfindən böyük ehtiramla xatırlanır.

Möhtərəm cənab Prezident, Sizin qüdrətiniz və apardığınız uğurlu xarici və daxili siyasət sayəsində biz əminik ki, Qərbi azərbaycanlıların da tarixi torpaqlarına qayıdacağı gün uzaq deyil. Bu gün biz Qarabağdayıq, Şuşadayıq, Laçındayıq, Kəlbəcərdəyik. Növbəti ünvanımız, növbəti hədəfimiz isə tarixi torpaqlarımız – Qərbi Azərbaycandır.

Fürsətdən istifadə edərək, mənim fəaliyyətimi yüksək qiymətləndirdiyinizə və Azərbaycanın ən ali ordenlərindən biri olan 1-ci dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü, səmimi minnətdarlığımı bildirir, bundan sonrakı fəaliyyətimdə də Vətənə, dövlətimizə, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sədaqətlə xidmət edəcəyimi bir daha vurğulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Bizimlə görüşdüyünüz, zaman ayırdığınız üçün Sizə dərin minnətdarlığımızı bildirirəm. Bu görüş Sizin böyük Azərbaycanın bir parçası olan qədim İrəvan, Göyçə, Zəngəzur, Ağbaba torpaqlarına, o torpaqların insanlarına olan diqqətinizin və qayğınızın təzahürüdür. Sizinlə, ölkəmizin Prezidenti ilə, Müzəffər Ali Baş Komandanla görüşmək hər birimiz üçün böyük şərəfdir və bütün ömür boyu yadımızda qalacaq bir hadisədir.

Ölkəmizin iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun artması, xalqımızın rifahının yüksəlməsinə və daha gözəl gələcəyinin təmin edilməsinə xidmət edən siyasətiniz bütün Azərbaycan vətəndaşlarının dərin rəğbətini qazanmışdır. Respublikamızın bütün bölgələrində məskunlaşmış Qərbi azərbaycanlılar da Sizin rəhbərliyinizlə əldə edilən böyük uğurlardan, Azərbaycanın qüdrətinin artmasından fərəhlənir, qürur hissi keçirirlər.

Qərbi Azərbaycan zəngin tarixi, mədəniyyəti, adət-ənənəsi olan tarixi Azərbaycan bölgəsidir. Bu bölgənin dərin kökləri və özünəməxsus siması olan memarlığı, xalq sənəti, musiqi ənənələri formalaşmışdır. Dağlıq ərazilərin sərt iqlim şəraiti, böyük zəhmət tələb edən təsərrüfat həyatı bu torpaqlarda yaşayan insanların xarakterinə də öz təsirini göstərmişdir. Zəhmətkeşlik, dözümlülük, vətənpərvərlik, dilinə, dininə, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiqlik Qərbi azərbaycanlılara xas olan cəhətlərdir. Elmə, təhsilə böyük həvəs və hörmət, mütərəqqi mədəniyyətə rəğbət bölgənin insanları arasında görkəmli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin yetişməsinə səbəb olmuşdur. XX əsrdə erməni millətçilərinin torpaqlarımızın mənimsənilməsinə yönəlmiş düşmənçilik siyasəti Qərbi azərbaycanlıların Vətənə məhəbbətini, vətənpərvərlik hisslərini daha da artırmışdır. Sovet hakimiyyəti tərəfindən həyata keçirilən deportasiyalar Qərbi azərbaycanlıları öz yurd-yuvalarından didərgin salmış və çoxsaylı insan tələfatı ilə nəticələnmişdir. Bu çətinliklər bizi daha da möhkəmləndirmiş, milli təəssübkeşliyimizi və dövlətçilik məfkurəmizi gücləndirmişdir.

Qərbi azərbaycanlılar böyük Heydər Əliyev şəxsiyyətinə Azərbaycana rəhbərlik etdiyi sovet dövründən dərin məhəbbət bəsləmişlər, ona millətin atası və xilaskarı kimi baxmışlar. 1970-80-ci illərdə Ermənistanda məruz qaldıqları təzyiqlərə yalnız Heydər Əliyevin nüfuzuna və siyasətçi kimi qüdrətinə arxalanaraq davam gətirmişlər. Heydər Əliyevin sovet hökumətinin rəhbərliyindən getməsi Qərbi azərbaycanlıların sonrakı acı taleyinin başlanğıcı oldu.

Möhtərəm cənab Prezident, 44 günlük Vətən müharibəsi günlərində bütün xalqımız yumruq kimi birləşərək bir arzu ilə, bir ümidlə yaşayırdı. Ali Baş Komandanın şəhərlərimizin və kəndlərimizin bir-birinin ardınca düşmənlərdən təmizlənməsi və nəhayət əziz Şuşamızın azad olunması barədə Zəfər müjdələrini eşidərək həyatımızın ən fərəhli anlarını yaşayırdıq. Bu zaman biz həmişə olduğu kimi, Sizinlə idik, Sizin hər bir sözünüz bizim ürəyimizdə əks-səda doğururdu. Düşünürəm ki, bu anlar, bu günlər Prezidentlə xalqın bir olmasının ən gözəl, ən parlaq nümayişi idi. Qərbi Azərbaycan əsilli vətəndaşlarımız Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də iştirak etdilər, Vətənimizin qorunması üçün, torpaqlarımızın azad edilməsi üçün əllərindən gələni əsirgəmədilər.

Qərbi azərbaycanlılar heç zaman öz doğma torpaqlarını unutmamışlar. Böyük Azərbaycan xalqının bir hissəsi olaraq biz öz kiçik vətənimizin həsrətini həmişə çəkmişik. 44 günlük müharibənin Zəfəri - işğal altında olan Qarabağın, Şərqi Zəngəzurun azad edilməsi bizi öz torpaqlarımıza bir qədər də yaxınlaşdırdı. İndi biz Kəlbəcər dağlarında, Zəngilanda dayanıb öz torpaqlarımızı, öz kəndlərimizi, el-obalarımızı görə biləcəyik.

Möhtərəm cənab Prezident, böyük Qələbənin əldə edilməsinə görə bütün xalqımız Sizə - Ali Baş Komandana və rəşadətli Ordumuza minnətdardır. Siz ölkəyə rəhbərlik etdiyiniz dövrdə öz siyasətinizlə bu Qələbəni günbəgün yaxınlaşdırmısınız. Sizin Ulu Öndərin ideyalarına sadiqliyiniz, müdrikliyiniz, cəsarətiniz, iradəniz bu Zəfəri təmin etmişdir, əminik ki, bundan sonra da bütün müqavimət cəhdlərini dəf edərək ölkəmizi yeni qələbələrə aparacaq.

Möhtərəm cənab Prezident, Qərbi Azərbaycan İcmasına bu qədər böyük önəm verdiyiniz üçün Sizə öz adımdan, həmkarlarımız adından dərin minnətdarlığımızı bildirirəm. Sizin proqram çıxışınızda biz artıq gələcək fəaliyyətimiz üçün istiqamətlərimizi müəyyənləşdirdik.

Sizi əmin etmək istəyirəm ki, burada olan və olmayan hər bir kəs əlindən gələni edəcək, heç nəyi, canını əsirgəməyəcək ki, Sizin dediklərinizi həyata keçirsin və Vətənimizin Qərbi Azərbaycan kimi gözəl, böyük bir hissəsinə, tarixi hissəsinə bizim qayıdışımızı təmin etsin.

Sizə təşəkkür edirəm və Sizi ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Gülçöhrə Məmmədova: Cənab Prezident, biz Sizinlə fəxr edirik, biz Sizinlə doğrudan da ürəkdən fəxr edirik. Sizi ad gününüz münasibətilə, hörmətli Mehriban xanımı da Sizinlə bir yerdə, bütün doğmalarınızı təbrik edirəm və Sizə uzun, sağlam, xoşbəxt və qələbələrlə dolu ömür arzulayıram. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

x x x

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Xalq şairi Vahid Əziz çıxış edərək dedi:

Dərdlərini el danışsın, mən yazım,

Yuxusunu gün soruşsun, mən yozum.

Yadındamı, Göyçə gölüm, Arazım,

O tayın da, bu tayın da Vətəndir.

Möhtərəm cənab Prezidentimiz, düşmən üzərində möhtəşəm Zəfər çalmış qəhrəman Ordumuzun dəmir yumruqlu Ali Baş Komandanı.

Aşıq Ələsgərimizin məzarı, ulularımızın narahat yatdıqları viran edilmiş yurd-yuva yerlərimizin torpaqları, müqəddəs ziyarət yerlərimiz və məscidlərimizin bünövrələri, Göyçə gölünün vətəni olan o tayı və bu tayı bizim yolumuzu gözləyir. Bu gün Sizin rəhbərliyinizlə keçirilən bu mübarək tədbirdə sadaladığım yerlərin gözlərinə bir ümid işığı, gerçəkləşməkdə olan arzuların nuru səpilir.

Bu tədbirdə mənim də iştirakımı, fikir söyləməyimi rəva bildiyiniz üçün Zati-alilərinizə dərin minnətdarlığımı bildirirəm. Qeyd edirəm ki, bu, təkcə mənim deyil, bizim də ailəmiz kimi doğma tarixi dədə-baba torpaqlarından didərgin salınmış yüz minlərlə həmyerlilərimin, Ərmən dağlarının ətəklərində dünyaya gəlmiş insanların dualarının əks-sədasıdır. Bu insanlar fürsət düşdüyü zaman mənə bu minnətdarlığı da çatdırmağı tövsiyə etdilər.

Möhtərəm Ali Baş Komandanımız, cənab Prezident, mən Sizin Fərmanınızla “Azərbaycanın Xalq şairi” kimi yüksək ada layiq görülmüş ilk Qərbi Azərbaycan vətəndaşıyam, ilk Ermənistan vətəndaşıyam.

Zati-aliləri, mən ona görə Ərmən dağları, ona görə Ermənistan deyirəm ki, o torpaqlar Ərmən dağı ilə bağlıdır, ermənilərin adı ilə bağlı deyil. Hələ Nizami Gəncəvi “Xosrov və Şirin” əsərində yazırdı: “Yay gələndə Şiringilin el–obası Ərmən dağlarına köçərdi”. Mənə elə gəlir ki, biz Ermənistan sözünü “e” ilə deyil, “ə” hərfi ilə deməliyik. Çünki camaat bilsin ki, bu, Ərmən dağlarıdır və mənim hətta bununla bağlı şeirlərim də var.

Möhtərəm cənab Prezident, Ali Baş Komandanlığınızın bayrağı altında düşmən üzərində möhtəşəm Qələbə xalqımızın və Ordumuzun Vətən sevgisi ilə yanaşı, Sizə olan böyük inamının və ehtiramının parlaq təzahürü oldu. Bu Zəfəri təmin etməklə Siz yalnız BMT-nin nüfuzunu itirmiş dörd qətnaməsinin deyil, bizə düşmən kəsilmiş çox güclü dövlətlərə rəhbərlik edənlərin dərsini verdiniz. Bu gün əsası qoyulan Qərbi Azərbaycan İcmasının yaradılması ilə Siz hələ 1947-ci ilin dekabrında Stalinin erməni millətçilərinin fətvasına tabe olaraq imzalamış olduğu o mənfur didərginlik fərmanının üstündən qələm çəkdiniz! Bu, böyük bir Zəfərdir, böyük bir Qələbədir və buna heç kəs cəsarət edə bilməzdi.

Bu gün Qərbi Azərbaycandan didərgin salınmış insanlar və dünyasını dəyişənlərin ruhları, uğrunda cəsarətlə vuruşduğunuz Qərbi Zəngəzura qədəm qoyacaqları günlərə böyük inam, həyəcan və Vətən sevgisi ilə silahlanmış halda baxırlar. Dəfələrlə adını çəkdiyiniz Bazar Çayın doğulduğum Dərələyəzin Paşalı bölgəsindəki Herher kəndiylə arası cəmi iki saatlıq yoldur. Əhd eləmişəm, möhtərəm Prezidentimiz, İnşallah, biz o torpaqlara qayıdacağıq və mən doğulduğum Herher kəndindəki viran edilmiş evimizin yerində məscid tikdirəcəyəm və onun adını “Zəfər məscidi” qoyacağam.

Fürsətdən istifadə edib bir-iki təklif demək istərdim. Çünki bu gün Azərbaycanda bir neçə qəzet çıxır ki, bunları Qərbi azərbaycanlılar yaradıblar. “Zəngəzur”, “Dərələyəz” qəzeti və başqaları var. Bildiyim qədər, “Qərbi Azərbaycan” televiziyası var, Əziz müəllim bunu bilir. Mənə belə gəlir ki, biz bütün bunların hamısını bu İcmanın ətrafına yığmalıyıq. Dövlət tərəfindən vəsait ayrılmalıdır ki, bunlar birbaşa işləyə bilsinlər. Çünki informasiya çox güclü vasitədir və mənə belə gəlir ki, bizim İcmamızın təkcə Azərbaycan dilində deyil, ingilis, alman, ərəb dillərində, başqa dillərdə mütləq bir qəzeti olmalıdır.

Başqa bir təklifim də var. Mənə belə gəlir ki, Azərbaycan Respublikasında Qərbi Azərbaycan adlı ensiklopediya baş redaksiyası yaradılmalıdır. Ermənistanda, Qərbi Azərbaycanda, - biz oraya nə vaxt qayıdacağıq, ola bilər bir ilə, beş ilə, on ilə, zaman keçir, - və nə qədər ki, bu gün həyatda Qərbi Azərbaycandan gələn informasiya daşıyıcıları var, burada oturan hörmətli alimlərimiz hamısı bu işə cəlb olunmalıdır. Qərbi Azərbaycanda, Ərmən dağlarının ətəyində olan hər bir qəbrin, hər bir daşın, hər bir məscidin hamısının adları bir-bir çəkilməlidir. Məsələn, Həsən Mirzənin 5-6 cildlik “Dərələyəz” kitabı, müəyyən xəritələr var.

Diqqətinizə görə minnətdaram. Məni sevən, şeirlərimi əzbərləyən Qərbi azərbaycanlılar adından Sizin ad gününüzü, doğum gününüzü təbrik edirik.

Cənab Prezident, mənim həmyerlilərim bayaq dedilər, Qərbi azərbaycanlılar hər zaman Sizin yanınızda olacaqlar.

x x x

Çıxışlardan sonra dövlətimizin başçısı yekun nitqi söylədi.

Prezident İlham Əliyevin
yekun nitqi

- Çox sağ olun. Burada səslənən bütün təkliflər, əlbəttə ki, geniş təhlil ediləcək və mən hətta səslənməyən təklifləri də gözləyəcəyəm. Onu da bildirməliyəm ki, mən də hesab edirəm, fəaliyyət daha məqsədyönlü olmalıdır. Bu gün fərdi qaydada fəaliyyət göstərən, məsələn, qəzet redaksiyaları, ictimai birliklər artıq bir yerə yığılmalıdır. Necə ki, Qərbi Azərbaycan İcması yaradıldı, o vaxta qədər də ayrı-ayrı qurumlar var idi, ictimai təşkilatlar var idi, qeyri-hökumət təşkilatları var idi, bizim tövsiyəmizlə artıq bir yerə cəmləşdi və bu, daha məqsədyönlü fəaliyyət olacaq. O cümlədən bütün informasiya resursları - qəzetlər, informasiya portalları, mən dediyim kimi, rəqəmsal platforma və sair məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır. İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik.

Fürsətdən istifadə edərək mənim haqqımda dediyiniz bütün xoş sözlərinizə görə təşəkkürümü bildirmək istəyirəm. Mən əvvəlki dövrdə adətən 24 dekabr günündə məcburi köçkünlərlə bir yerdə olurdum, doğum günümü heç vaxt qeyd etməmişəm, ancaq ailə üzvlərimlə qeyd etmişəm. Hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm.

Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün əlbəttə ki, bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır.

Bir şeyi də deməliyəm. Qarabağ torpaqları işğal altında olanda illər keçdikcə cəmiyyətdə və ilk növbədə, məcburi köçkünlər arasında müəyyən bədbinlik əhvali-ruhiyyəsi yayılırdı, yəni, artıq bunun təzahürləri görünməkdə idi. Mənim köçkünlərlə onlarca görüşlərim olub və son illər görürdüm ki, onların ümidləri tükənir və bu təbiidir, mən bunu təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim ki, nə vaxt, necə və nə olacaq. Çalışırdım onları inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki otuz ilin həsrəti istər-istəməz hər bir insana mənfi təsir göstərmişdir. Artıq iki ildir ki, biz müzəffər xalq kimi yaşayırıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, qayıdacağıq, mən bir gün də o inamı itirməmişdim, inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq.

İşğal dövründə hətta bir çox hallarda məndə də artıq belə bir fikir formalaşmışdı ki, dünyada ədalət yoxdur. Əminəm ki, Azərbaycan xalqının mütləq əksəriyyəti bu fikrə şərik idi. Çünki bu dərəcədə ədalətsizliyi təsəvvür etmək çətin idi. Yəni, biz haqlı ola-ola bizə qarşı bu qədər ədalətsizliyin göstərilməsi heç bir çərçivəyə sığmırdı. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm bizim hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur.

İkinci Qarabağ müharibəsindən keçən bu iki ildən bir qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla çoxlu görüşlərim olub və deyə bilərəm ki, onların mütləq əksəriyyəti soruşurdu, bu necə oldu, siz bu Qələbəyə necə nail oldunuz? Mən də deyirdim ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.

Ona görə bu gün burada sizinlə bərabər 24 dekabr gününü qeyd edərkən mən bir daha demək istəyirəm ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub YENİLƏNİB -3 VİDEO

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər