SİYASƏT
RƏİS RÜŞVƏT ALARKƏN YAXALANMIŞDIR
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin və Baş Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu qurumların həyata keçirdikləri birgə tədbirlər nəticəsində 2004-cü il sentyabrın 16-da Bakı şəhərinin sakini Bəbişovanı Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Sabunçu Telefon Qovşağının abonent şöbəsinə operator vəzifəsinə işə qəbul etmək müqabilində rüşvət kimi tələb etdiyi 1000 ABŞ dollarını ondan alarkən qovşağın rəisi Adəm Mirzəyev yaxalanmışdır.
Fakt üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə (rüşvətalma) cinayət işi başlanmış, Adəm Mirzəyev haqqında həbs qətimkan tədbiri seçilmişdir.
Birgə həyata keçirilən digər tədbirlər nəticəsində 2004-cü il oktyabrın 9-da özgənin əmlakını külli miqdarda talamaq cinayəti törətdiyinə görə “Poçtbank” Səhmdar İnvestisiya Bankının idarə heyətinin sədri Mustafayev Emin Rafiq oğlu tutulmuşdur.
Emin Mustafayev 2001-ci ilin aprel ayında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən və heç bir hüquqi qüvvəyə malik olmayan “Aztell” və “Baktell” şirkətlərinin adına özünün rəhbərlik etdiyi bankda hesab açaraq, onlara kredit ayrılması üçün lazımi sənədləri saxtalaşdırmışdır. Emin Mustafayev həmin sənədləri Maltada fəaliyyət göstərən “First İnternational Merchant” bankına təqdim etmiş və kredit kimi bu bankdan daxil olan 4 milyon 595 min ABŞ dolları məbləğində külli miqdarda vəsaiti mənimsəyərək talamışdır.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış, Emin Mustafayev haqqında həbs qətimkan tədbiri seçilmişdir.
Hər iki cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyi və Baş prokurorluq tərəfindən bundan sonra da mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və iqtisadi fəaliyyət sahəsində törədilən qanunsuzluqlara qarşı mübarizənin daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi təmin ediləcəkdir.