“Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı seminar təşkil edilib
Bakı, 22 iyun, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Slovakiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə iyunun 22-də “Vişeqrad qrupu ölkələri və Azərbaycan” adlı beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, BMTM-in sədri Fərid Şəfiyev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə strateji əməkdaşlığı olduğunu deyib. O bildirib ki, Azərbaycan Vişeqrad qrupunun bütün ölkələri ilə də strateji tərəfdaşlıq münasibətləri saxlayır. Azərbaycanın Polşa, Slovakiya, Macarıstan ilə əməkdaşlığı ortaq tarixlə yanaşı, eyni maraqlara əsaslanır.
Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə edən ölkələrin ortaq çağırışlarla, problemlərlə üzləşdiklərini söyləyib. O qeyd edib ki, bu problemlər əsasən bazar iqtisadiyyatına keçid, təhlükəsizlik məsələləri ilə bağlı idi.
Uzunmüddətli risklərdən danışan səfir deyib ki, Slovakiya Avropa İttifaqının ən həssas ölkələrindən birinə çevrilir. Çünki robotlaşma sosial problemlərə və işsizliyə səbəb ola bilər.
Ölkəmizin iqtisadi inkişafına toxunan Milan Layçak Azərbaycanın 2002-2006-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası qəbul etdiyini xatırladıb. Bildirib ki, Dünya Bankının hesabatında Azərbaycan üçün yaxşı perspektivlər qeyd edilib.
“Rusiya-Ukrayna müharibəsi fonunda Vişeqrad qrupu ölkələri və Azərbaycan: Enerji böhranı ilə bağlı problemlər və onların həll yollarının axtarışı” adlı paneldə çıxış edən Macarıstanın Xarici İşlər və Ticarət İnstitutunun (IFAT) baş elmi işçi Sandor Seremet Rusiya-Ukrayna müharibəsindən sonra Macarıstanın üzləşdiyi çətinliklər və bu cür faciəli vəziyyətin ölkənin enerji təhlükəsizliyinə təsiri barədə fikrilərini bölüşüb. Bildirib ki, bu müharibənin başlanması nəinki qitədə yaxşı qurulmuş təhlükəsizlik sistemini sarsıtdı, həmçinin ağır humanitar böhrana gətirib çıxardı.
Panel iclasında çıxış edən SOCAR-ın Xarici əlaqələr şöbəsinin rəhbəri Əli Şahbazov qeyd edib ki, qlobal böhran və münaqişə beynəlxalq bazarda enerji qiymətlərinə ciddi təsir edib. O, bu müharibənin Avropanın yaşıl enerjiyə keçidi sürətləndirdiyini vurğulayıb. Yaşıl enerji, xüsusilə külək enerjisi üzrə ölkəmizin böyük potensialı olduğunu deyən Əli Şahbazov diqqətə çatdırıb ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan anlaşma memorandumu yaşıl enerji sahəsində yaxın əməkdaşlıq üçün baza yaradıb.
Seminarın “Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün gələcək texnoloji transformasiya üzrə çağırışlar” adlı ikinci panelində Slovakiyanın “Danubius” Universitetinin rektoru, professor Peter Plavkan, Polşanın Beynəlxalq Əlaqələr İnstitutunun Qlobal Problemlər Proqramının tədqiqat ofisinin rəhbəri Şimon Zareba, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin şöbə müdiri Ayaz Müseyibov çıxış ediblər.
Tədbirdə Rusiya və Ukrayna müharibəsi fonunda enerji böhranı ilə bağlı problemlər və onların həll yolları, Vişeqrad qrupu ölkələri və Azərbaycan üçün gələcək texnoloji transformasiya üzrə çağırışlara dair müzakirələr aparılıb.