® “Norm Sement” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat köçürüb
Bakı, 23 mart, AZƏRTAC
“NEQSOL Holding”in tərkibinə daxil olan və Cənubi Qafqazın ən iri sement istehsalçısı olan “Norm” ASC yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini vaxtında və geniş şəkildə həyata keçirən qabaqcıl şirkətlər sırasındadır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılmış Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna “NEQSOL Holding” tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində “Norm Sement” tərəfindən 1 milyon manat köçürülüb.
Şirkət Azərbaycan Respublikası Prezidentinin çağırışına və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişinə uyğun olaraq zavod ərazisində və şəhər ofisində işçi heyətin və müştərilərinin sağlamlığını qorumaq məqsədilə aşağıdakı preventiv tədbirləri həyata keçirib və keçirməkdədir:
-Ofisin və zavodun ərazisi tam şəkildə dezinfeksiya edilir, işçi heyəti və müştərilər maarifləndirilir, xüsusi dezinfektant və tibbi maskalarla təmin edilir;
-İşçi heyətin böyük əksəriyyəti “evdən iş” rejiminə keçirilib, bununla əlaqədar işçilər bütün zəruri resurslarla təmin edilib;
-“Norm Ustalar Klubu”nun üzvü olan ustalara onlayn təlimlərə başlanılıb, iş və yaşayış yerlərində təlimatlara riayət edilməsi və ətrafdakı insanları bu barədə maarifləndirmək tapşırılıb, bu məqsədlə ustalara dezinfeksiyaedici vasitələr paylanılacaq;
-Müştəri şirkətlər və dilerlər yazılı şəkildə maarifləndirilir, onlardan iş yerlərində gigiyena və sosial izolyasiya qaydalarına əməl edilməsi tələb olunur;
-Zavod ərazisində xidmət göstərən təchizatçı və subkontraktor şirkətlər təlimatlandırılır, xüsusi gigiyenik vasitə və tibbi maskalarla təmin edilir, onlara şirkətdaxili maarifləndirilmə işlərinin aparılmasında dəstək göstərilir;
-Qaradağ rayonunun sakinlərinə virusla mübarizə təlimatlarını, gigiyena qaydalarını əks etdirən məlumatlandırcı broşürlər, aztəminatlı ailələrə dezinfeksiyaedici vasitələr, maskalar paylanılır.
“Norm” şirkəti hər kəsi koronavirusla mübarizədə fəal olmağa, özünü və ətrafındakı insanları qorumaq məqsədilə Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərlə toplaşmamağa çağırır.
Şirkət olaraq daim işçilərinin və müştərilərinin qayğısına qalan, onların sağlamlığı üçün çalışan “Norm Sement” bu yoluxucu virusun qarşısını almaq üçün bütün zəruri ehtiyat tədbirlərini həyata keçirməyə davam edəcək.