ABŞ-DA MÜXTƏLİF XALQLARIN DİASPORLARI ARASINDA ƏLAQƏLƏRƏ DAİR KONFRANS KEÇİRİLƏCƏKDİR
Bakı, 19 mart (AZƏRTAC). Martın 20-də Nyu-Yorkdakı Bruklin Kollecinin “Hillel” Tələbə Mərkəzində “Xalqlar və ölkələr arasında əlaqələrin inkişafında diaspor təşkilatlarının rolu Azərbaycan və ABŞ-ın timsalında” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, tədbir “Azərbaycan Nyu-York Assosiasiyası”, ABŞ-dakı Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi və Azərbaycandan Birləşmiş Ştatlara köçmüş müxtəlif xalqların nümayəndələrinin təmsil olunduğu “AZEM” cəmiyyətinin təşəbbüsü, Dövlət Komitəsi və ölkəmizin BMT yanında daimi nümayəndəliyinin dəstəyi ilə baş tutacaqdır.
Konfransda Amerikadakı diaspor təşkilatları arasında mədəni əlaqələr, diasporun intellektual potensialı, soydaşlarımızın ABŞ-ın və Kanadanın yeni siyasi şərtlərinə uyğunlaşması, ABŞ-dakı türk diasporunun Azərbaycan və yəhudi diaspor qurumları ilə əlaqələri və digər mövzularda müzakirələr aparılacaqdır.
Tədbirdə “Azərbaycan Nyu-York Assosiasiyası”nın, “US-Azeris Network” şəbəkəsinin, “Mirvari” Beynəlxalq Fondunun, Bostondakı Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin türk diasporunun, gürcü, dağ və Buxara yəhudi icmalarının nümayəndələri iştirak edəcəklər.
Konfrans çərçivəsində ABŞ-da yaşayan azərbaycanlı rəssam və heykəltəraşların əsərlərindən ibarət sərgi də açılacaqdır.
Sərgidə Azərbaycan rəssamlarının əsərləri təqdim olunacaqdır.