ABŞ-da yeni Azərbaycan icması təşkilatı yaradılmışdır
Vaşinqton, 13 noyabr (AZƏRTAC). ABŞ-da yeni Azərbaycan icması təşkilatı fəaliyyətə başlamışdır. Dünya Bankı, Beynəlxlaq Valyuta Fondu və Beynəlxalq Maliyyə Korporasiyasının Vaşinqtondakı qərargahlarında çalışan azərbaycanlılar “Bank və Fondun Azərbaycanlı Əməkdaşlar Assosiasiyası” adlı yeni qurumun təsis edilməsi barədə noyabrın 11-də Dünya Bankında keçirdikləri rəsmi açılış mərasimində elan etmişlər. Mərasimdə Dünya Bankının bu yaxınlarda ölkəmizdə səfərdə olan Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti Filip Laru, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, ABŞ-da fəaliyyət göstərən digər diaspor təşkilatlarının üzvləri, eləcə də Dünya Bankının bır sıra yüksək səviyyəli nümayəndələri sıralarında 25 nəfəri birləşdirən yeni assosiasiyaya uğurlar arzu etmişlər. Assosiasiyanın sədri Samir Süleymanov tədbirdə çıxış edərək, yeni qurumun Vaşinqtonda olan beynəlxalq maliyyə təşkilatlarının çoxmillətli əməkdaşları üçün nəzərədə tutulan Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində həyata keçiriləcək planlardan danışmışdır. Soydaşlarımız Novruz bayramının qeyd edilməsi, Azərbaycan mətbəxi günləri, konsertlər və sərgilərin təşkili ilə həmkarları arasında doğma Vətənimizə isti münasibət yaratmaq, mədəniyyətlərarası anlaşmanı genişləndirmək niyyəti güdüldüyünü bildirmişlər.
Assosiasiya sədrinin müavini Azər Mürsəqulov AZƏRTAC-a bildirmişdir ki, Dünya Bankı və Beynəlxlaq Valyuta Fondunda eyni etnik mənşəli əməkdaşların bir araya gələrək mədəniyyətlərinin təbliği üçün qurum yaratması yeni hal deyildir. Son illər Vaşinqtondakı beynəlxalq maliyyə təşkilatlarında işləyən azərbaycanlıların həm sayının, həm də fəallığının artması həmvətənlərmizi də təşkilatlanmağa sövq etmişdir.
Qurum qarşıya qoyduğu vəzifəni elə ilk toplantısında - açılış mərasimində həyata keçirərək, Azərbaycan rəssamlarının işlərindən ibarət sərgi təşkil etmişdir. Sərgi tədbirə toplaşanlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton