ABŞ RUSİYALI SİLAH SATICILARINA QARŞI QADAĞA TƏTBİQ ETMİŞDİR
AZƏRTAC “Novosti” agentliyinə istinadla xəbər verir ki, Rusiya XİN ABŞ-ın bu qərarına münasibətini açıqlayaraq, ölkənin şirkətlərinə qarşı sanksiyalar qoyulmasının qeyri-məqbul olduğunu bildirmişdir.
RF XİN-in İnformasiya və mətbuat departamenti Rusiya şirkətlərini Amerikanın daxili qayda-qanunlarına tabe etmək cəhdlərinin məqbul olmadığını bildirmiş və vurğulamışdır ki, “digər ölkələrə və onların təşkilatlarına qarşı ABŞ-ın birtərəfli qaydada qoyduğu bu cür sanksiyalar aşkar surətdə siyasi və hüquqi anaxronizmdir”.
Rusiya şirkətlərinə qarşı tətbiq olunan sanksiyalar ABŞ-da qeydiyyata alınmış şirkət və firmaların onlarla əməkdaşlığına qadağadan ibarətdir.
Rusiya XİN Amerikanın hərəkətlərini şərh edərək bildirmişdir ki, “xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq aparan Rusiya şirkətləri beynəlxalq hüququn və ölkə qanunvericiliyinin normalarına, o cümlədən kütləvi qırğın silahının yayılmaması və ixraca nəzarət sahəsində Rusiyanın öhdəliklərinə tam müvafiq surətdə hərəkət edirlər”.
XİN-in bəyanatında həmçinin xatırladılır ki, İranla hərbi təyinatlı məhsul ticarəti üzərində hər hansı beynəlxalq hüquq məhdudiyyəti yoxdur.
Rusiya XİN bəyan edir ki, ABŞ-ın bu cür hərəkətləri iki ölkə arasında əməkdaşlığın keyfiyyətinə təsir göstərməyə bilməz.