Abşeron könüllülərinin uğurlu formula ətrafında vebinar keçirilib
Xırdalan, 22 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın könüllülərinin "Abşeron könüllülərinin uğurlu formulu" adlı ilk vebinarı keçirilib.
AZƏRTAC xəbər verir ki, İctimai Şuranın sədri Elçin Quliyev "Könüllülük platformasının məqsədləri və rayon ictimaiyyətində rolu" mövzusunda çıxış edib. Bildirib ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. BMT-nin Baş Məclisinin təklifi ilə 1995-ci ildən bəri hər il dekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Bu məqsədlə Abşeron ərazisində də gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi İctimai Şuranın Könüllü Mərkəzinin daim diqqət mərkəzində olacaq. Digər sahələrdə olduğu kimi, İctimai Şuranın fəaliyyətinə də gənclərin cəlb edilməsinə və onların potensialının səmərəli yönləndirilməsinə ehtiyac var.
E.Quliyev Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Könüllü Mərkəzinin yaradılması ilə bağlı müvafiq qərarının icrası çərçivəsində həyata keçiriləcək tədbirlər və layihələr barədə məlumat verib, mədəni kütləvi tədbirlərin keçirilməsi istiqamətində görüləcək işlərdən danışıb.
Vebinar gənc könüllülərin təkliflərinin müzakirəsi ilə davam edib, suallar cavablandırılıb.