ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir
Bakı, 29 sentyabr, AZƏRTAC
Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Dirk Lölke Azərbaycan Dillər Universitetində (ADU) olub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ADU-nun rektoru akademik Kamal Abdulla ilə keçirilən görüşdə Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin inkişafından, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarından danışılıb. ADU ilə Almaniyanın ali təhsil müəssisələri arasında əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi-tədqiqat və təhsil layihələrinin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Akademik Kamal Abdulla universitetdə alman dilinin tədrisi, bu istiqamətdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və tələbələrin beynəlxalq layihələrdə iştirak imkanları barədə məlumat verib. O, ADU-nun beynəlxalq əlaqələrinin genişləndirildiyini və Almaniyanın ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Rektor səfiri ADU-da həyata keçirilən “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib. Dirk Lölke dəvəti məmnuniyyətlə qəbul edərək layihə çərçivəsində universitet tələbələri ilə görüşün əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin alman dilinin tədrisinin təkmilləşdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfir daha sonra ADU-da fəaliyyət göstərən Alman Mübadilə Mərkəzi və Germanistika İnstitutunu ziyarət edib.