Ağcabədidə Ulu Öndərin yubileyinə həsr olunmuş minifutbol turniri başa çatıb
Ağcabədi, 10 may, AZƏRTAC
Ağcabədi rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların komandaları arasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol idman növü üzrə turnir başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti, Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirin final oyunu Ağcabədi Olimpiya İdman Kompleksində baş tutub.
Final oyunda Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının komandası ilə TƏBİB komandası üz-üzə gəlib. Gərgin və maraqlı keçən oyunun sonunda YAP Ağcabədi rayon təşkilatının komandası qalib gəlib.
Turnirin sonunda I, II və III yeri tutmuş komandalara, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənmiş oyunçulara təşkilatçılar tərəfindən diplom, medal, kubok və hədiyyələr təqdim olunub.