Ağsu rayonu ərazisində torpaq sürüşmələri ciddi narahatlığa səbəb olmuşdur
Ağsu, 12 may (AZƏRTAC). Ağsu rayonunun dağlıq və dağətəyi əraziləri Azərbaycanda eksogen-geoloji proseslərin, o cümlədən sürüşmələrin tez-tez baş verdiyi zonalardandır. Belə proseslər ən çox Ağsu çayının hövzəsindəki dağ yamaclarında və Ağsu dolayları kimi tanınan Muğanlı-Ağsu magistral yolunun ərazisində baş verir.
Bu ərazilərdə sürüşmə prosesi ilk dəfə 1982-ci ildə qeydə alınmışdır. Sürüşmə 1988-ci ildən başlayaraq daha da sürətlənmişdir. Ötən ilin əvvəllərindən etibarən torpaq sürüşmələrindəki aktivləşmə artıq təhlükəli həddə çatmışdır. Belə ki, ərazilərdəki bir sıra yaşayış məntəqələri təbii fəlakətlə üz-üzə qalmışdır. Rayon mərkəzindən 36 kilometr məsafədə, Muğanlı-İsmayıllı avtomobil yolunun 11-ci kilometrində, yoldan 100 metr kənarda dağ yamacında yerləşən Sanqalan kəndi təhlükəyə ən çox məruz qalan yaşayış məntəqəsidir. Kənddəki 43 evin çoxu uçmuş və ya qəzalı vəziyyətə düşmüşdür. Həyata keçirilən operativ tədbirlər nəticəsində hələ ötən il kəndin köçürülməsi üçün təhlükəsiz ərazidə torpaq sahəsi ayrılmış, təhlükə artarsa, sakinlərin müvəqqəti sığınacağı üçün tədbirlər görülmüşdür.
Sürüşməyə daha çox məruz qalan yaşayış məntəqələrindən biri də Ağsu çayının Cənub-Şərq ərazisində yerləşən Kalva kəndidir. Belə ki, kəndin bir hissəsi torpaq sürüşməsi nəticəsində təbii fəlakətlə üz-üzə qalmışdır. Burada 35 ev qəzalı vəziyyətdədir. Bu ailələrin köçürülməsi məqsədi ilə kəndin Şimalında 40 hektar torpaq sahəsi ayrılmışdır.
Bundan başqa torpaq sürüşməsinə rayonun dağlıq ərazilərindəki digər yaşayış məntəqələri, o cümlədən Dilman, Suraxanı və Quzay kəndləri də məruz qalmışdır. Bu kəndlərdə 4 ev tam qəzalı vəziyyətə düşmüş, onlarca evdə çatlar əmələ gəlmişdir.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin metroloji kəşfiyyat xidmətinin kompleks hidrogeologiya və mühəndis geologiya ekspedisiyasının apardığı araşdırmalar sürüşmə ərazilərində aktivləşmə prosesinin getdiyini bir daha təsdiq etmişdir. Rayon fövqəladə hallar komissiyası əhalinin narahatlığına səbəb olan mövcud vəziyyətlə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələ qaldırmış və bu istiqamətdə tədbirlər davam etdirilir.