Ali məktəb tələbələrinə Beynəlxalq Bioloji Müxtəliflik Günü barədə məlumat verilib
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) ali məktəb tələbələri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, “Biomüxtəliflik və 25 illik fəaliyyət” devizi altında təşkil olunan tədbirdə ETSN-in ekoloji təbliğat şöbəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları ilə yanaşı, nazirlikdə yeni yaradılmış Gənclər Şurasının üzvləri də iştirak ediblər.
Tədbirdə Bioloji Müxtəliflik üzrə Konvensiyanın əhəmiyyəti, Azərbaycanın bu, beynəlxalq Konvensiyaya qoşulduqdan sonra xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı istiqamətində nazirlik tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonra tələbələrin təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Konvensiyaya qoşduqdan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb və milli parkların əsası qoyulmağa başlanılıb: 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağgöl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə Göygöl, 2012-ci ildə isə Samur-Yalama Milli parkları yaradılıb.