DÜNYA
Almaniyada bıçaqlı hücumlar artmaqdadır
Bakı, 14 avqust, AZƏRTAC
Almaniyanın daxili işlər naziri Nensi Fazer ictimai yerlərdə bıçaqdan istifadəni daha da məhdudlaşdırmaq və silahla bağlı qanunları sərtləşdirmək niyyətindədir.
AZƏRTAC Almaniyanın “Tagesschau” xəbər portalına istinadla xəbər verir ki, bu planların səbəblərindən biri vağzal ərazilərində bıçaqlı hücumların sayının artmasıdır. İctimai yerlərdə yalnız altı santimetr uzunluğunda bıçağın daşınmasına icazə verilir. Yalnız satın alınmış və qapalı qablaşdırmada daşınan məişət bıçaqları istisna edilir.
Polisin məlumatına görə, ötən il 8951 bıçaqla hücum hadisəsi qeydə alınıb. Əvvəlki illə müqayisədə bu, 5,6 faiz artım deməkdir.
Federal polis Almaniyanın bəzi dəmiryolu vağzallarında ötən il ümumilikdə 777 bıçaqlı hücum qeydə alıb. Bu ilin ilk 6 ayında artıq 430 belə hal qeydə alınıb.