Anar Cəfərov: İnnovativ festivallara maraq gündən-günə artır
Bərdə, 11 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdədə keçirilən 17-ci Aqrar İnnovasiya Festivalı əvvəlki festivallardan çox fərqlənir. Festivalda 1200-dən çox fermer, 300-dən çox peşə liseyi tələbələri iştirak edib. İnnovativ festivallara maraq gündən-günə artır. Çünki məhsul istehsalçıları, fermerlər burada onları maraqlandıran bütün xidmətlər, məlumat sessiyaları, sərgilərlə tanış olurlar.
Bunu Bərdədə keçirilən Aqrar İnnovasiya Festivalında AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov deyib.
A.Cəfərov bildirib ki, festival çərçivəsində sərgilərlə yanaşı, məlumat sessiyaları və təlimlər də keçirilib. Festivalda fermerə lazım olan maliyyə resurslarına əlçatanlığı təmin etmək məqsədilə bir sıra dövlət qurumlarının nümayəndələri də iştirak edib. Festivalda innovasiyanın bütün istiqamətləri üzrə məhsullar və xidmətlər təklif olunub. Fermerlər bu festivalda iştirak etməklə yeni innovasiyalarla, pilotsuz uçuş aparatları, sertifikatlı toxumlar, tinglər, preparatlarla tanış olur, öz təsərrüfatlarında tətbiq etmək imkanları qazanırlar.