Antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilir
Bakı, 19 yanvar, AZƏRTAC
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər, onların nəticələri və sair barədə əhalini məlumatlandırmaq məqsədi ilə “İki sahil” qəzeti ilə əməkdaşlıq çərçivəsində qəzetdə rubrika açılıb və aidiyyəti dövlət orqanları tərəfindən göndərilən materiallar 2023-cü ildə də hər həftənin şənbə günü dərc edilməsi nəzərdə tutulub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, ölkədə aparılan antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədi ilə Dövlət Komissiyasının üzvü olan nazirlik, komitə, xidmət və təşkilatlar, həmçinin şəhər və rayon icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən təqdim edilən məqalələrin qəzetdə dərc olunması təmin ediləcək.