CƏMİYYƏT
ARDNŞ-in idarə və müəssisələrində növbəti iməcilik keçirilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). ARDNŞ-in bir sıra idarə və müəssisələrində ağacəkmə kampaniyası davam etdirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, son iki ildə Sumqayıt şəhərində ətraf mühitin qorunmasına, ekologiyanın yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına xüsusi diqqət yetirən “Azərikimya” İstehsalat Birliyinin kollektivi şəhərin sənaye zonasının geniş bir ərazisində 80 minə yaxın ağac əkib-yetişdirərək, onlara daim qulluq göstərir. Şənbə günü keçirilmiş iməcilikdə birliyin etilen-polietilen, üzvi sintez, mexaniki-təmir zavodlarının, anbar təsərrüfatının, nəqliyyat və xüsusi texnika, həmçinin təmir-tikinti idarələrinin 1000-ə yaxın işçisi fəallıq nümayiş etdirmişdir. ARDNŞ-in Neft Kəmərləri İdarəsinin 70-ə yaxın əməkdaşının da qoşulduğu iməcilikdə 1400-dən artıq ağac əkilmiş, müəssisələr üzrə ayrılmış sahələrdə minlərlə ağaca aqrotexniki qulluq göstərilmiş, dibləri yumşaldılmış və alaq otlarından təmizlənmişdir. Birlik müəssisələrinin daxili ərazilərində də yaşıllıq sahələrinə qulluq edilmiş, geniş təmizlik-abadlıq işləri aparılmışdır.
ARDNŞ-in Ekologiya İdarəsinin kollektivi isə Zığ sahəsində yerləşən ekoloji ölçmə məntəqəsinin ərazisində iməcilik keçirmişdir. İdarənin 70 əməkdaşının iştirak etdiyi tədbirdə qurumuş ağaclar yenisi ilə əvəz olunmuş, əvvəl əkilmiş ağacların dibi yumşaldılmış, ərazidəki yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilmişdir. Yazın gəlişi ilə başlanan bu tədbirlər ARDNŞ-in idarə və müəssisələri tərəfindən qarşıdakı həftələrdə də davam etdiriləcəkdir.