Arxangelskin Azərbaycan diasporunun komandası minifutbol turnirinin qalibi olub
Moskva, 13 iyun, AZƏRTAC
Arxangelskdə minifutbol üzrə millətlərarası turnir keçirilib. Yarışda Azərbaycan diasporunun yığma komandası da iştirak edib.
Arxangelskin Azərbaycan diasporunun idarə heyətinin sədri Tərlan Qasımov AZƏRTAC-a bildirib ki, komanda yüksək səviyyəli oyun və ustalıq nümayiş etdirib. Azərbaycan yığması Hindistan komandasına 8:0, Özbəkistan yığmasına 4:0, Qana komandasına 3:1 hesabı ilə qalib gəlib.
Yarımfinalda Nigeriya yığmasını 2:1 hesabı ilə məğlub etmiş komandamız finalda rusiyalı rəqiblərinə 3:1 hesabı ilə qalib gələrək birinci yeri tutub. Turnirdə ikinci yeri Rusiya, üçüncü yeri Özbəkistan yığmaları tutublar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva