AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN ŞƏRƏFİNƏ RƏSMİ QƏBUL
Fransada səfərdə olan AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyevin şərəfinə martın 11-də Xarici İşlər Nazirliyində rəsmi qəbul təşkil olunmuşdur.
Nazirliyin kontinental Avropa departamentinin rəhbəri Üq Perne, prezidentin diplomatik məsələlər üzrə müşaviri Lorən Billi, Minsk qrupunun həmsədri Anri Jakolən, xarici işlər nazirinin kabinet direktoru Dö Süri, kontinental Avropa departamentinin Qafqaz üzrə kuratoru Oreli Banal hörmətli qonağı mehribanlıqla qarşılamışlar.
Nahar süfrəsi arxasında gedən söhbət zamanı Azərbaycan-Fransa münasibətləri, beynəlxalq və regional vəziyyət, Cənubi Qafqazda mövcud şərait, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və bir sıra digər məsələlər müzakirə olunmuşdur.
X X X
İlham Əliyev elə həmin gün Xarici İşlər Nazirliyinin baş katibi Kolən Dele Verdiyer ilə də görüşmüşdür. Fransanın xarici siyasətinin istiqamətlərinin formalaşmasında böyük nüfuzu olan baş katib Azərbaycan Respublikası ilə geniş əməkdaşlıq imkanları olduğunu söyləmişdir. O, bu baxımdan AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyevin Parisdə Prezident Jak Şirakla görüşünün xüsusi əhəmiyyət daşıdığını, ölkənin yüksək dairələrində, ümumiyyətlə, Fransada Azərbaycan Prezidenti Heydər Əliyevə böyük rəğbət və ehtiram bəsləndiyini, ölkəmizin Fransada imicinin getdikcə formalaşdığını xüsusi vurğulamış, İlham Əliyevin Fransa rəsmi dairələrində perspektivli siyasətçi kimi qarşılandığını bildirmişdir.
Parisdə ona göstərilmiş yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişafının Azərbaycanın və Fransanın milli maraqlarına uyğun olduğunu söyləmiş, Azərbaycanda iqtisadi və siyasi sabitliyi, müsbət dinamik inkişafı xüsusi vurğulamışdır.
Görüşdə Azərbaycan-Fransa əlaqələrinə, beynəlxalq və regional problemlərə və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova görüşlərdə iştirak etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris