Aşqarlar Kimyası İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində elmi müsabiqə elan edilib
Bakı, 6 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərə start verilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində bu elmi müəssisənin doktorant, dissertant və magistrantları arasında “Ən yaxşı elmi məruzə” adlı müsabiqə elan edilib. İştirakçılar mayın 1-dək son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə edəcəklər.
Ekspert Komissiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.