Astarada Ulu Öndərə həsr olunan konfrans keçirilib
Astara, 19 aprel, İlkin Adıyev, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Astarada keçirilən silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda konfrans keçirilib.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Konfransda Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin misilsiz fəaliyyətindən bəhs edən videoçarx izlənilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev konfransda çıxış edərək bildirib ki, 1993-cü ildə respublikamız çətin sınaqlarla üz-üzə qalanda xalq yeganə xilaskar kimi dünyanın siyasi sferasında silinməz iz qoymuş, görkəmli ictimai-siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevi öz lideri seçmişdir. O, öz zəkası, uzaqgörənliyi və qətiyyəti ilə ölkəni məhv olmaqdan xilas etdi, müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin banisinə çevrildi. Onun rəhbərliyi altında bütün sahələrdə dinamik inkişafa nail olundu. Qeyd edilib ki, Azərbaycanın hər qarış torpağını dərindən sevən Heydər Əliyev Astaranı “Cənub mirvarisi” adlandırmışdır.
Konfransda YAP rayon təşkilatının sədri Həbib Cəfərovun, Milli Məclisin deputatı YAP İdarə Heyətinin üzvü Rəşad Həsənovun və YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılovun Ulu Öndərin mənalı həyat yolu və zəngin fəaliyyətindən bəhs edən məruzə və çıxışları da dinlənilib. Qeyd olunub ki, Azərbaycan xalqı və dövləti var olduqca, Ulu Öndər Heydər Əliyev də daim hörmətlə anılacaq.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına YAP rayon təşkilatının fəxri fərmanı və partiya sıralarına yeni üzv olanlara üzvlük vəsiqələri təqdim olunub.