SİYASƏT
AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN III QURULTAYI FRANKFURT ŞƏHƏRİNDƏ KEÇİRİLƏCƏKDİR
Bakı, 5 aprel (AZƏRTAC). Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, aprelin 14-də Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III Qurultayı keçiriləcəkdir. Qurultayda konqresin prezidenti Natiq Ağamirovun hesabat məruzəsi dinləniləcək, “Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində” Fəaliyyət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılacaq, Avropadakı Azərbaycan icmalarının fəallığının artırılmasını təmin etmək və AAK-ın fəaliyyətini daha da gücləndirmək məqsədilə müxtəlif təkliflərə baxılacaqdır.
Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin müsbət təcrübəsi nəzərə alınaraq digər Avropa ölkələrində də Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzlərinin təşkili məsələsi də diqqət mərkəzində olacaqdır. Konqresə yeni təşkilatlar üzv qəbul ediləcək, təşkilati məsələlərə baxılacaq, rəhbər orqanların yeni tərkibi seçiləcək, qurultayın qətnaməsi qəbul olunacaqdır.
Qurultayda Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, fəalları, Dövlət Komitəsinin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.
Xatırladaq ki, Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilmişdir. Əsas məqsəd Avropa ölkələrində məskunlaşmış soydaşlarımızın tarixi Vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilmək, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyi və həmrəyliyi təmin etmək, onların milli, sosial və vətəndaş hüquqları, mill-mənəvi dəyərlərini qorunmaq, Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərini əlaqələndirilməkdir. Tşkilatda 40-dan çox diaspor təşkilatı təmsil olunur.