Azərbaycan Ağsaqqallar Şurasının növbəti xeyirxahlıq missiyası
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü ilə Şura nəcib və xeyirxah əməllərini davam etdirir.
Azərbaycan Ağsaqqallar Şurasından AZƏRTAC-a bildirilib ki, İslam və Türk dünyasının ən əziz bayramlarından biri olan müqəddəs Qurban bayramı münasibətilə bu günlərdə təşkilat tərəfindən Sabunçu rayonunun Maştağa, Bilgəh, Nardaran və Zabrat qəsəbələrində şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına başlanılıb.
Bu qəsəbələrdə yaşayan ailələrə baş çəkərək qurban paylarını təqdim edən Azərbaycan Ağsaqqallar Şurasının məsul şəxsləri Şuranın sədri və İdarə Heyətinin üzvləri adından onları Qurban bayramı münasibətilə təbrik edərək, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıblar.
Qeyd ediblər ki, mütəmadi olaraq həyata keçirilən bu nəcib ənənə - şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə qayğı bundan sonra da davam etdiriləcəkdir.
Göstərilən bu diqqəti böyük məmnunluqla qarşılayaraq öz təşəkkürlərini bildirən sakinlər dövlət tərəfindən hər zaman xüsusi qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qurban bayramı günlərində keçiriləcək bu aksiyada 6 tona yaxın ət ümumilikdə 2500-dən çox ailə üçün nəzərdə tutulub ki, onlardan 130-u şəhid və qazi ailəsidir.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurası tərəfindən davamlı olaraq müxtəlif bayramlarda şəhidlərin ailə üzvlərinə, qazilərə və aztəminatlı ailələrə yardım payları, sovqatlar təqdim olunur. Şuranın sədri Eldar Quliyevin təşəbbüsü ilə həyata keçirilən bu xeyirxah əməllər ölkəmizdə şəhid ailələri, müharibə əlilləri, qazilər və aztəminatlı ailələrin sosial müdafiəsinin, rifah halının daha da yüksəldilməsi üçün aparılan çoxşaxəli və uğurlu dövlət siyasətinə töhfə vermək məqsədi daşıyır.