AZƏRBAYCAN BEYNƏLXALQ BANKI VİSA ÇİP KARTLARININ BURAXILIŞINA BAŞLAMIŞDIR
ABB çip kartlarından tam səmərəli istifadə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradır. Belə ki, 2004-cü ilin sonunadək ABB bankomatlarının sayı 450-yə çatacaq, POS-terminallarının miqdarı isə 1 minədək artırılacaqdır.
Təqdimat mərasimində deyilmişdir ki, adi plastik kartlardan fərqli olaraq, çip kartları böyük yaddaş həcminə, yüksək təhlükəsizliyə və mərkəzi kompüterlə birbaşa kommunikasiya əlaqəsi olmadan off-line rejimində işləmək imkanına malikdir. Çip kartlarından Dövlət Sosial Müdafiə Fondunun pensiyaların plastik kartlar vasitəsi ilə verilməsi layihəsinin həyata keçirilməsində istifadə etmək nəzərdə tutulur. Çip kartlar maqnit əsaslı bank kartlarından təkcə yüksək keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə fərqlənmir. Bu kartlardan gələcəkdə məişət xidmətləri, nəqliyyatda gediş haqqının, ticarət şəbəkələrində alınmış malların ödənilməsində istifadə oluna bilər.