İDMAN
Azərbaycan Cüdo Federasiyası yeniyetmə idmançılara kimonolar təqdim edib
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası (ACF) “Xocalı” idman klubunun yeniyetmə cüdoçularına kimonolar təqdim edib.
ACF-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, klubun direktoru Ehram Məcidov, baş məşqçi Vüsal Tanrıverdiyev, mütəxəssislər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Federasiya qarşısında duran prioritet məsələlərdən biri də regionlarda, müxtəlif idman cəmiyyətlərində, klublarda idmanın bu növünün kütləviliyi və inkişaf etdirilməsidir. Federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimonolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.