AZƏRBAYCAN DAĞ YƏHUDİLƏRİ DİNİ İCMASININ SƏDRİ SEMYON İXİİLOVUN ÇIXIŞI
- Ali həzrətləri, möhtərəm cənab Prezident!
Zati-müqəddəsləri şeyxülislam!
Hörmətli yepiskop Aleksandr!
Əziz qonaqlar!
Ən əvvəl yəhudi xalqının Roş-Ha-Şana bayramı münasibətilə təbrik məktubuna görə cənab Prezidentə təşəkkür etmək istəyirəm. Bu yeni il təntənələri hələ də qeyd edilir. Bu gün növbəti bayram - Sukkot bayramı qurtarır. Bu, yəhudi xalqının böyük bayramıdır. Sabah isə Simxattor günü ilə bütün bayramlar başa çatır.
Çox sağ olun ki, Siz bunlara böyük əhəmiyyət verir və bizim xalqı təbrik edirsiniz. Bizim xalq bütün Azərbaycan xalqı ilə birlikdə çoxmillətli böyük bir ailə kimi yaşayır. Ölkəmizdə heç vaxt antisemitizm olmamışdır və Allahın köməyi ilə həmişə belə olacaqdır.
Mən demək istəyirəm ki, hörmətli cənab Prezident son vaxtlarda Azərbaycanın gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edən çoxsaylı mühüm sərəncamlar vermişdir. Mən xüsusən, gənc istedadların aşkar edilməsinə və inkişaf etdirilməsinə, qabiliyyətli gənclərin təhsil almaq üçün xarici ölkələrin aparıcı təhsil müəssisələrinə göndərilməsinə yönəlmiş sərəncamı nəzərdə tuturam. Beləliklə, Azərbaycanın gələcəyi üçün, onun sabahı üçün kadrlar yetişdirilir. Bu, məni də narahat edir, çünki Sizin bildiyiniz kimi, mən nadir istedadı Allah vergisi olan 13 yaşlı azərbaycanlı bəstəkar qıza himayədarlıq edirəm.
Möhtərəm Prezidentimizin sayəsində Azərbaycanda bütün sahələrdə çox böyük işlər aparılır. Bu gün respublika nəhəng bir tikinti meydançasını xatırladır, səhiyyə, mədəniyyət, təhsil və idman obyektləri ucaldılır. Hər yerdə sözün əsl mənasında inqilabi dəyişikliklər baş verir.
Buna görə də, cənab Prezident, Siz təkcə Azərbaycanda deyil, həm də xaricdə, demək olar ki, bütün dünyada çox böyük hörmət və şöhrət qazanmışsınız. Yəhudi xalqının ovqatını Sizə bildirmək istəyirəm. Qarşıdakı 2008-ci il prezident seçkiləri ilə əlamətdar olacaqdır. Azərbaycanda yaşayan yəhudilər belə deyirlər: bizə başqa Prezident lazım deyil. Allaha şükür, bizim hər kəsin qeydinə layiqincə qalan Prezidentimiz vardır. Əlbəttə, problemlər də var. Lakin problem olmayan yer varmı? Axı, yaxşı deyiblər: Moskva da birdən-birə tikilməyibdir.
Bizim icmanın üzvlərinin yekdil fikri belədir: Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyevə eşq olsun!
Mən yəhudi xalqı adından bütün Azərbaycan xalqını bu müqəddəs Ramazan ayı münasibətilə təbrik etmək istəyirəm, arzum budur ki, ulu Tanrı Sizin orucunuzu və dualarınızı qəbul etsin.
Diqqətinizə görə sağ olun.
X X X
Vatikanın Qafqazdakı nümayəndəliyinin katibi Rolandas Makritskas Vatikanın Azərbaycandakı Apostol nunsisi Klaudio Qucerottinin təbrik məktubunu oxudu.