Azərbaycan ilə Kosta-Rika arasında enerji sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Kosta-Rika Respublikası arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə enerji sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 19-da Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Latın Amerikası dövlətləri ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verildiyini bildirən energetika naziri N.Əliyev enerji ölkəsi kimi Azərbaycanın böyük tarixə və neft-qaz sənayesi sahəsində zəngin təcrübəyə malik olduğunu diqqətə çatdırıb. O, bir zamanlar tənəzzülə uğrayan bu sahənin ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində və bilavasitə rəhbərliyi ilə dirçəldildiyini yada salıb.
Nazir yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışıb. Bildirib ki, hazırda bütün neft ölkələrinin gəlirlərinə təsir göstərən neqativ qlobal tendensiyalara rəğmən, Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişaf göstəriciləri qənaətbəxşdir.
Özünün enerji təhlükəsizliyini təmin etmiş Azərbaycanın indi neft, qaz, elektrik enerjisi ixrac etdiyini diqqətə çatdıran nazir “Cənub” qaz dəhlizinin əhəmiyyəti və bu nəhəng layihənin reallaşdırılması istiqamətində görülən işlərdən də danışıb. O, əsas hədəf kimi enerji səmərəliliyi məsələsinə, elektrik enerjisinin paylanma sisteminin yeniləşdirilməsinin vacibliyinə toxunub. N.Əliyev bəyan edib ki, ölkələrin bu gün sülhə, sabitliyə və beynəlxalq əməkdaşlığa böyük ehtiyacı var.
Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz isə ölkəsinin iqtisadiyyatının turizm, kənd təsərrüfatı və elektrik avadanlıqlarının istehsalı və ixracı üzərində qərarlaşdığını deyib. O, Kosta-Rikanın xarici sərmayədarlar üçün əlverişli siyasi sabitliyə malik olduğunu bildirib. Nazir iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda əlaqələrin inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadə etmək məqsədilə qarşılıqlı görüşlərin, səfərlərin təşkilini vacib sayıb.