AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR
Səmimi qəbula görə minnətdarlıq bildirən qonaqlar dövlətimizin başçısını Prezident seçkilərindəki parlaq qələbəsi münasibətilə təbrik etdilər. Onlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verərək, ölkələrimiz arasındakı əməkdaşlığın möhkəm təməl üzərində qurulmasında prezidentlər Heydər Əliyevin və Vladimir Putinin xüsusi xidmətləri olduğunu vurğuladılar.
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin indiki səviyyəsindən razılıqla söhbət açan qonaqlar yanacaq-energetika sahəsində əməkdaşlığın genişlənməsi üçün yaxşı imkanlar olduğunu, təmsil etdikləri qurumların bu sahəyə böyük maraq göstərdiyini söylədilər.
Səmimi sözlərə görə təşəkkür edən Prezident İlham Əliyev ölkəmizin Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayaraq dedi ki, cənab Heydər Əliyevin və cənab Vladimir Putinin səyləri sayəsində strateji tərəfdaşlığa çevrilmiş bu münasibətlərin bundan sonra da inkişaf etməsi üçün biz öz tərəfimizdən mümkün olan bütün tədbirləri görəcəyik.
Ölkəmizdə sosial problemlərin həllinə xüsusi əhəmiyyət verildiyini, əhalinin qazla tam təmin olunması üçün lazımi tədbirlər görüldüyünü vurğulayan Prezident İlham Əliyev dedi ki, indi Azərbaycan qonşu Rusiyadan təbii qaz alır və biz idxal olunan mavi yanacağın həcmini artırmaq, bununla da Azərbaycanın bütün bölgələrinin mavi yanacaqla təmin edilməsinə nail olmaq istəyirik. Hesab edirik ki, Rusiya ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi, hər iki tərəf üçün faydalı olan əlaqələrin daha da möhkəmləndirilməsi çox vacibdir.
Azərbaycan Prezidentinin Moskvaya qarşıdakı rəsmi səfərinin Rusiyada böyük maraq doğurduğunu nəzərə çarpdıran qonaqlar bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni bir mərhələ olacağını bildirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfərinə çox böyük əhəmiyyət verdiyini və qarşıdakı görüşlərin, danışıqların dövlətlərarası münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açacağına əmin olduğunu vurğuladı.