RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VİLNÜSDƏ ENERGETİKA SAHƏSİNDƏ TƏHLÜKƏSİZLİYƏ DAİR KONFRANSDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə energetika sahəsində təhlükəsizlik məsələlərinə həsr edilmiş “Məsul tərəfdaşlar üçün məsul energetika” mövzusunda konfransın işində iştirak etmişdir.
Litvanın Xarici İşlər Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi və ABŞ-ın Hadson İnstitutu tərəfindən təşkil edilmiş ikigünlük konfransda energetika sahəsində beynəlxalq təhlükəsizlik problemləri və Avropa İttifaqının energetika sahəsində xarici siyasətinin əsas istiqamətləri ilə bağlı məsələlərin müzakirə edilməsi planlaşdırılır. Forum iştirakçıları energetika sahəsində transatlantik dialoq, Aİ-nin Rusiya, Xəzər dənizi və Qara dəniz regionları ilə energetika sahəsində əməkdaşlığı, Baltikyanı ölkələrin enerji
strategiyasının inkişafı məsələlərini də nəzərdən keçirəcəklər. Konfrans çərçivəsində energetika müəssisələrinin və ekspert-energetiklərin “Enerji təhlükəsizliyi: satış, tələbat və şaxələndirmə” mövzusunda xüsusi beynəlxalq forumu da keçirilir.
Konfransın işinin ilk günü başa çatandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Viktor Yuşşenko, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Litva Prezidenti Valdas Adamkus, Polşa Prezidenti Lex Kaçinski və Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayevin iştirakı ilə çoxtərəfli sənədlər imzalandı.
Energetika sahəsində əməkdaşlıq haqqında müqaviləni Azərbaycan, Gürcüstan, Litva, Polşa və
Ukraynanın energetika nazirləri imzalamışlar. “Sarmatiya” məhdud məsuliyyətli dövlətlərarası cəmiyyətinin yaradılması barədə müqaviləni Azərbaycan, Litva, Gürcüstan, Polşa və Ukrayna neft şirkətlərinin rəhbərləri imzaladılar.
Sonra dövlət başçıları mətbuat konfransı keçirərək KİV nümayəndələri qarşısında bəyanatlarla çıxış etdilər, jurnalistlərin suallarına cavab verdilər.
Elə həmin gün Litva Prezidenti Valdas Adamkusun adından konfrans iştirakçılarının şərəfinə rəsmi ziyafət verildi.
X X X
Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsə işgüzar səfəri davam edir.