AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
- Hörmətli cənab Prezident,
Hörmətli qonaqlar, xanımlar və cənablar!
İlk növbədə, cənab Prezident, mən Sizi və nümayəndə heyətini
Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz!
Bizim aramızda başlanan və uğurla davam etdirilən siyasi dialoq iki ölkə arasında münasibətlərin inkişafına çox güclü təkan vermişdir. Biz bir müddət bundan əvvəl qarşılıqlı rəsmi səfərlər etmişdik və o səfərlər çərçivəsində ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən çoxsaylı sənədlər imzalanmışdır.
Bu gün Siz Azərbaycanda işgüzar səfərdəsiniz. Bu da çox gözəl əlamətdir və onu göstərir ki, bizim aramızda olan əlaqələr çox möhkəm xarakter daşıyır. Bugünkü görüşdə müzakirə olunan məsələlər bir daha onu göstərir ki, Bolqarıstan-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir. Biz ikitərəfli formatda çox geniş müzakirələr aparmışıq. Həm siyasi, həm iqtisadi əlaqələrin inkişafı üçün lazımi tədbirlərin görülməsi barədə müvafiq göstərişlər vermişik. Siyasi sahədə münasibətlər həm ikitərəfli formatda çox yüksək səviyyədədir, həm də Avropa İttifaqının üzvü kimi Bolqarıstan Azərbaycanın Avropa İttifaqının Yeni qonşuluq siyasətinə qoşulması ilə əlaqədar bizə öz dəstəyini göstərir. Eyni zamanda, iqtisadi münasibətlərin inkişafı üçün gözəl potensial mövcuddur. Həm Bolqarıstan, həm də Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkələrdir. Əlbəttə ki, artan iqtisadi imkanlarımız qarşılıqlı ticarətin, qarşılıqlı investisiyaların davam etdirilməsinə kömək göstərəcəkdir.
Biz bu gün humanitar sahədə münasibətlərin təhlilini aparmışıq və bu sahədə də münasibətlərin hərtərəfli inkişafı üçün çox gözəl imkanlar var.
Bu gün, eyni zamanda, bizi narahat edən məsələlər də müzakirə edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə olundu və Azərbaycan bir daha öz mövqeyini bəyan etdi ki, bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalı və etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız qeyd-şərtsiz öz doğma torpaqlarına qayıtmalıdırlar. Hesab edirik ki, bizimlə əməkdaşlıq edən ölkələr, xüsusilə Avropa İttifaqı bu məsələnin həlli üçün öz səylərini davam etdirməlidir. İşğalçı dövlətə çox açıq və aydın bir mesaj göndərilməlidir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq, heç vaxt heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Belə olan halda ümid edirəm ki, danışıqlar prosesi daha da sürətlə gedəcək, Ermənistanda və separatist qurumda yaşanan bəzi ümidlər artıq sona çatacaqdır.
Bu gün biz energetika sahəsində əməkdaşlığın müxtəlif aspektlərini müzakirə etdik. Bu sahədə də gözəl imkanlar var. Həm Azərbaycan, həm də Bolqarıstan Avropanın enerji təhlükəsizliyi üçün əvəzolunmaz ölkələrdir. Bizim əməkdaşlığımız, eyni zamanda, Xəzər dənizi-Qara dəniz əməkdaşlığı çərçivəsində çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan çox böyük neft-qaz ehtiyatlarına malikdir. Biz artıq neft-qaz ixrac edən ölkəyə çevrilmişik. Bu il Azərbaycanda 50 milyon tondan çox neft hasil ediləcəkdir. Ən minimum hesablamalara görə, Azərbaycanda qaz ehtiyatları 2 trilyon kubmetr həcmindədir ki, bu da bundan sonra uzun illər, onilliklər ərzində həm ölkəmizi, həm qonşu ölkələri və həm də Avropanı qazla təmin etmək üçün bizə gözəl imkanlar yaradır.
Bizim çoxşaxəli nəqliyyat infrastrukturumuz var. Azərbaycanın enerji resurslarını dünyaya dörd neft-qaz kəməri çıxarır. Gələcəkdə nəzərdə tutulan bütün proqramlar icra olunduğu təqdirdə Azərbaycan Avropa bazarına neft-qaz ixrac edən çox etibarlı bir ölkəyə çevriləcəkdir.
Eyni zamanda, mən cənab Prezidenti məlumatlandırdım ki, bu yaxınlarda biz Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayacağıq. Bütün üçtərəfli razılaşmalar artıq həll olunub və bu dəmir yolu Avropanı Asiya ilə birləşdirəcək və beləliklə həm iqtisadi, həm siyasi əməkdaşlığın inkişafına kömək edəcəkdir.
Bir sözlə, demək istəyirəm ki, Bolqarıstan Prezidentinin Azərbaycana səfərini mən çox yüksək qiymətləndirirəm. Bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfərin nəticələri çox müsbət, çox uğurlu olacaqdır və bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl və yeni imkanlar yaranır. Eyni zamanda, bir daha demək istəyirəm ki, bizim münasibətlərimiz ikitərəfli formatdan çıxır, regional formata daxil olur və bu formatda Xəzər dənizi-Qara dəniz əməkdaşlığının perspektivləri çox ümidverici və gözəldir.
Mən Bolqarıstan Prezidentini bir daha Azərbaycanda ürəkdən salamlayıram və bütün qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm.
######
![]() |
![]() |

