AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BOLQARISTANIN BAŞ NAZİRİ SERGEY STANİŞEV İLƏ GÖRÜŞÜ
Budapeşt, 26 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə Bolqarıstan Respublikasının Baş naziri Sergey Stanişev ilə görüşmüşdür.
Görüşdə əsasən enerji sahəsində əməkdaşlıq və ikitərəfli münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, son illər ərzində iki ölkə arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir.
Bolqarıstanın Baş naziri dedi ki, Budapeştdə Nabukko ilə bağlı sammitin keçirilməsinin konkret addımların atılması baxımından böyük əhəmiyyəti olacaqdır.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı və dedi ki, indi enerji amili gündəlikdə prioritet məsələlərdən biri kimi durur və bu, gələcəkdə də davam edəcəkdir. Çünki enerji təhlükəsizliyi hər bir ölkə üçün vacib məsələlərdən biridir. Bu baxımdan Nabukko ilə əlaqədar sammitin keçirilməsi əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaqdır.
######
