AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Mən sizin hamınızı Azərbaycanda ürəkdən bir daha salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
Cənab Prezident, bu, Sizin Azərbaycana ikinci səfərinizdir. Birinci səfəriniz kimi, bu səfər də çox uğurlu oldu. Biz bu gün bir daha gördük ki, Bolqarıstan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, bütün sahələri əhatə edir və bu əlaqələrin çox gözəl gələcəyi var. Əlbəttə ki, bizim aramızda yaranmış bu səmimi dostluq münasibətləri də ikitərəfli əlaqələrin inkişafında böyük rol oynayır. Bizim xalqlarımız tarixdə həmişə əməkdaşlıq etmişlər, bir-birinə dostluq münasibətləri bəsləmişlər. Əlbəttə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qalxmışdır və indiki şəraitdə həm bizim ölkələrimiz üçün, həm də region üçün çox böyük əhəmiyyət kəsb edir. Bu gün müzakirə edilən məsələlər bunu bir daha göstərir.
Energetika, nəqliyyat məsələləri, iqtisadi əməkdaşlıq, humanitar sahədə əməkdaşlıq - bütün bu məsələlər həm bizim üçün, həm də region üçün çox vacibdir. Bu gün qeyd olunduğu kimi, Xəzər dənizi-Qara dəniz regional əməkdaşlığının inkişafı üçün bizim münasibətlərimiz çox vacib rol oynayır.
Azərbaycan Avropa İttifaqı və NATO ilə sıx əməkdaşlıq edir. Hər ikisi ilə əməkdaşlıqda xüsusi proqramlar icra olunur və Bolqarıstan bizim bu istiqamətdə səylərimizi həmişə dəstəkləmişdir. Bu, bir daha onu göstərir ki, bizim əlaqələrimiz çoxşaxəlidir. Həm ikitərəfli məsələləri əhatə edir və həm də beynəlxalq təşkilatlarda əlaqələrimiz çox uğurludur. Mən şübhə etmirəm ki, bu səfər də əlaqələrimizin inkişafında mühüm rol oynayacaq və Bolqarıstan-Azərbaycan dostluq münasibətləri uğurla davam etdiriləcəkdir.
Cənab Prezident, mən bu badəni Sizin şərəfinizə, dost Bolqarıstan xalqının şərəfinə qaldırıram.
######
