AZƏRBAYCAN PREZİDENTİNİN TAPŞIRIQLARININ LAYİQİNCƏ YERİNƏ YETİRİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədovun məruzəsində və çıxışlarda iqtisadi, sosial və mədəni sahədə əldə olunmuş uğurların geniş təhlili verilmiş, respublikamızın dinamik inkişafında rayonun iştirak payının artırılması üçün qarşıda duran vəzifələrdən bəhs edilmişdir.
Qeyd edilmişdir ki, cari ilin yanvar-iyun aylarında rayonun müəssisələrində 71890,2 min manatlıq məhsul istehsal edilmiş, bütün maliyyə mənbələri hesabına əsaslı kapitala 113534,7 min manat sərmayə qoyulmuş, istehlakçılara 25177,9 min manatlıq məhsul göndərilmiş, nəqliyyat və rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 31579,1 min manat, pərakəndə əmtəə dövriyyəsinin məbləği 113396,6 min manat təşkil etmişdir. Bütün bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə artmışdır.
İlin birinci yarısında rayonda 1953 yeni iş yeri açılmışdır, sənaye müəssisələrində, nəqliyyat və rabitə sahələrində, tikintidə işləyənlərin əməkhaqqı 2005-ci ildəkindən çox olmuşdur. Rayonda müvəqqəti məskunlaşmış 10428 nəfər məcburi köçkünün (2501 ailə) qayğıları daim diqqət mərkəzində olmuşdur.
Məruzə və çıxışlarda rayonun yaşayış məhəllələrində, təhsil və səhiyyə obyektlərinin ərazilərində abadlıq işlərinin aparılması, mövcud idman meydançalarının, uşaq əyləncə mərkəzlərinin bərpa edilməsi və yenilərinin salınması, məktəblərin və məktəbəqədər uşaq tərbiyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində görülən işlər, eləcə də aztəminatlı ailələrə göstərilən yardımlar da diqqətə çatdırılmışdır.
Azərbaycan Prezidentinin istifadə olunan təbii qazın və elektrik enerjisi haqqının tam şəkildə ödənilməsinin təmin edilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını yerinə yetirmək üçün rayonda xüsusi qərargahın və işçi qrupların yaradıldığını qeyd edən natiqlər, qərargahın iclaslarında bu sahədəki problemlərin müntəzəm müzakirə olunduğunu, əhali arasında təbliğat işinin gücləndirildiyini bildirmişlər. Dövlətimizin başçısının müvafiq strukturlar qarşısında qoyduğu vəzifələri ilin sonunadək yerinə yetirmək üçün hələ xeyli iş görülməsinin vacibliyi diqqətə çatdırılmış, kommunal xidməti sahələrinin, əhalinin və müəssisələrin enerji daşıyıcılarına olan tələbatının fasiləsiz ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında ciddi vəzifələr qoyulmuş, müəyyənləşdirilmiş tədbirlər planının reallaşdırılmasından ötrü bütün imkanların səfərbər olunması tövsiyə edilmişdir.
Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilmişdir.