“Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 11 sentyabr, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Qazaxıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, açılışda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev iki ölkə arasında münasibətlərin gündən-günə daha da inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması Azərbaycan xarici siyasətinin prioritet sahələrindən biridir.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel iki ölkə arasında əlaqələrin son bir ildə yeni səviyyəyə çatdığını və artıq əlaqələrdə yeni mərhələnin başladığını deyib. O diqqətə çatdırıb ki, bütün bunlar həm də yüksək səviyyəli qarşılıqlı səfərlər hesabına baş verib. Bu baxımdan diplomat ötən ilin avqustunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana, bu ilin aprelində isə Prezident İlham Əliyevin Qazaxıstana səfərlərini qeyd edib. Bildirilib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 40 faiz artaraq 450 milyon dollara çatıb və bu ilin ilk altı ayı ərzində bu rəqəm artıq 300 milyon dollar olub. “Qazaxıstan artıq Bakı-Tbilisi-Ceyhan boru xətti ilə neft ixrac etməyə başlayıb. Biz Azərbaycanla əlaqələrə böyük regional əməkdaşlıq çərçivəsində baxırıq. Azərbaycan və Qazaxıstan regionun vacib ölkələridir”, - deyə A.Bayel vurğulayıb.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov konfransa videobağlantı vasitəsilə qoşularaq son illər iki ölkə arasında imzalanmış vacib sənədlərə toxunub. O deyib ki, Orta Dəhliz layihəsinin əhəmiyyəti getdikcə daha da artır. Səfir əlavə edib ki, bu layihə nəinki region ölkələrinin, həm də xarici investorların diqqətini cəlb edir. A.Atamoğlanov diqqətə çatdırıb ki, hökumətlərarası komissiya Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərdə vacib rol oynayır və komissiyanın növbəti iclasının onlayn şəkildə bu ay keçirilməsi nəzərdə tutulub. Həmçinin Zəngəzur dəhlizi barədə danışan diplomat deyib ki, bu xətt Orta Dəhlizin vacib qollarından biridir və onun açılması ümumilikdə bütün regionun rifahına xidmət edəcək.
Qazaxıstan parlamentinin deputatı Aydos Sarım videobağlantı zamanı Qazaxıstan Prezidentinin Parlament palatalarının birgə iclasında xalqa müraciəti barədə danışıb və çıxış zamanı Transxəzər marşrutunun əhəmiyyətinin vurğulandığını deyib. O bildirib ki, bu gün Qazaxıstanla Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb və Qazaxıstan hazırda nəqliyyat layihələrinin inkişafına böyük diqqət yetirir.
Azərbaycan parlamentinin üzvü Rasim Musabəyov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov və nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev çıxışlarında əlaqələri geosiyasi, Xəzər dənizi vasitəsilə qonşuluq, dini etnik radikalizmə qarşı birgə mübarizə, Türk dünyasının inteqrasiyası, regional layihələr kontekstində təhlil ediblər.
Tədbir müzakirələrlə davam edib.