Azərbaycan şahmat məktəbi dünyada məşhur olan bir sıra görkəmli nümayəndələr yetişdirib
Bakı, 24 avqust, AZƏRTAC
İyulun 30-dan avqustun 25-dək Bakıda Şahmat üzrə Dünya Kuboku keçirilir. Azərbaycan şahmat məktəbi dünyada məşhur olan bir sıra görkəmli nümayəndələr yetişdirib. Mən də uşaqlığımda anamın təkidi ilə bu idman növü ilə məşğul olmuşam. Düzdür, şahmatçı olmasam da, indiyədək o dərsləri və müəllimlərimi yaxşı xatırlayıram. Bu gün də şahmata böyük rəğbətlə yanaşıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
“Fəxrimiz Nicat Abasovun dünyanın ən güclü qrosmeysteri Maqnus Karlsenlə qarşılaşması, yarımfinala qədər irəliləməklə Dünya Kubokunun ən güclü dörd iştirakçısından biri olması bizi qürurlandırdı. Yeri gəlmişkən, Dünya Kuboku Bakıda ikinci dəfə təşkil olunur. Bu mötəbər yarış Azərbaycanda ilk dəfə 2015-ci ildə keçirilib. Məhz bu münasibətlə “Azərpoçt” MMC tərəfindən 4 min tirajla, blok şəklində poçt markaları hazırlanıb və dövriyyəyə buraxılıb. Mən özüm də uşaqlıqda marka toplamışam. Yaxşı yadımdadır ki, kolleksiyamda şahmat mövzusunda markalar olurdu. Filatelistlər daima şahmat mövzusuna maraq göstərirlər”, - deyə R.Bayramov qeyd edib.