AZƏRBAYCAN SƏFİRİ NİKOLAYEV ŞƏHƏRİNİN 219-CU İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ TƏDBİRLƏRDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev Ukraynanın Bakıdakı sabiq konsulu, Nikolayev şəhərinin meri Vladimir Çaykanın dəvəti ilə şanlı gəmiqayıranlar şəhərinin 219-cu ildönümü münasibətilə təntənələrdə iştirak etmişdir.
Rəsmi tədbirlər şəhər şurasının təntənəli sessiyası ilə açılmışdır. Sessiyada iştirak edən Ali Radanın, yerli sovetlərin deputatları, diplomatlar və ictimaiyyətin nümayəndələri arasında Yakov Poqrebnyak da vardı. O, Ukrayna SSR Nazirlər Kabineti sədrinin müavini işləyərkən “Admiral Naximov” gəmisinin qəzaya uğraması səbəblərini araşdıran SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin başçılıq etdiyi dövlət komissiyasının üzvü olmuşdu. Təntənəli mərasimə Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev regional təşkilatının sədri Ələddin Məhərrəmov da dəvət olunmuşdu.
Forumu giriş nitqi ilə Nikolayev meri Vladimir Çayka və Nikolayev vilayət dövlət administrasiyasının sədri Aleksey Qarkuşa açmışlar.
“Nikolayev şəhərinin fəxri vətəndaşı” səfir T.Əliyev Kiyevdə akkreditə olunmuş diplomatik korpus, Nikolayev azərbaycanlıları, gəmiqayıranlar şəhərinin Zavodski rayonu ilə qardaşlaşmış Şəmkir rayonu rəhbərliyi adından şəhər sakinlərini əlamətdar gün münasibətilə təbrik etmişdir. Səfir Azərbaycanın daxili və xarici siyasətində əldə olunmuş uğurlardan danışmış, dost ölkələrimiz arasında yaranmış strateji tərəfdaşlığın səviyyəsini xüsusi vurğulamış, Nikolayevdə yaşayan etnik azərbaycanlılara göstərilən diqqət və qayğıya görə yerli rəhbərliyə minnətdarlığını bildirmişdir.
Mərasimdə şəhərin və vilayətin ən yaxşı nümayəndələrinə, o cümlədən Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının 2 çempionuna mükafatlar təqdim olunmuşdur.
Açıq səma altında möhtəşəm konsertlə davam edən şəhər günü bayram atəşfəşanlığı ilə başa çatmışdır.