“AZƏRBAYCAN VƏ DÜNYA” JURNALI NƏŞRƏ BAŞLAMIŞDIR
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AZƏRTAC Azərbaycan və rus dillərində “Azərbaycan və dünya” - “Azerbaydjan i mir” adlı informasiya-analitik jurnalın nəşrinə başlamışdır. Jurnalın baş redaktoru Aslan Aslanov çapdan çıxmış pilot nömrəsində oxucuya müraciətində bildirir ki, nəşrin əsas vəzifəsi istər ölkəmizin, istərsə də yaxın və uzaq xaricin oxucularını müstəqil Azərbaycanın çoxşaxəli həyatı, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və onun siyasi varisi Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticələri ilə müntəzəm tanış etməkdir.
Jurnalda xalqımızın ümumbəşəri dəyərlərindən bəhrələnməsi, ölkənin Avratlantik məkanına inteqrasiyası prosesləri, MDB, İKT, türkdilli dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar formatında əməkdaşlıq öz əksini tapacaqdır. Müəlliflər isə təkcə Azərbaycanın deyil, həm də xarici ölkələrin aparıcı siyasi və dövlət xadimləri olacaqlar.
Oxucular xaricdəki həmvətənlərimizin həyatı ilə, Azərbaycan diasporu qarşısında duran problemlərlə tanış olacaq, xalqımızın keçmişi, qədim mədəniyyəti barədə də məlumat alacaqlar.
İlk nüsxələri vərəqləyən hər kəsin redaksiya heyətinin bu nömrə üzərində işləyərkən qarşısına məhz nə kimi məqsəd qoyduğu və nəyi əsas tutduğu barədə təsəvvürü olacaqdır.
Jurnal Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakına, Fransaya dövlət səfərinə və Almaniyaya rəsmi səfərinə həsr edilmiş ekspress-reportajla açılır, 1994-cü ildən 2006-cı ilədək olan dövrü əhatə edən əlamətdar günlər, tarixi mərhələlər göstərilir.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin nəşrin müxbirinə müsahibəsində dövlətimizin başçısının Brüsselə səfəri zamanı imzalanmış və ölkəmizin Avropa İttifaqı ilə xüsusən enerji təhlükəsizliyi sahəsində əməkdaşlığının inkişafı yolunda yeni mərhələ açan Anlaşma haqqında memorandumdan danışılır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Amerikanı necə fəth etdiyi barədə reportaj da, şübhəsiz, maraq doğuracaqdır. Reportajda müəlliflər protokol xarakterli hesabatlardan kənarda nələr qaldığından söhbət açmağa çalışmışlar.
Zənnimizcə, tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və epoxa” adlı sənədli romanından bu nömrədə dərc edilmiş parçalarına oxucu xüsusi əhəmiyyət verəcəkdir.
Müstəqil Azərbaycan xaricdən necə görünür? Bu suala ABŞ, Türkiyə və Rusiya nümayəndələri cavab verirlər. “Dinamik inkişafın keyfiyyətcə yeni mərhələsində” sərlövhəli müsahibədə isə görkəmli alim, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə Azərbaycanın hərtərəfli inkişafının müsbət meyilləri haqqında Vaşinqton, Ankara və Moskvadan olan siyasətçilərin ümumi rəyinə, bir növ, yekun vurur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov diasporumuzun həyatı, problemləri və onların həllinə Komitənin necə kömək etdiyi barədə maraqlı söhbət açır.
Pilot nömrəsində siyasət məsələlərinə, Azərbaycan xalqının tarix və mədəniyyətinə dair çoxlu mühüm və müxtəlif informasiya da var.
Jurnal zəngin illüstrasiyalıdır. Əməkdar rəssam İsmayıl Məmmədovun bir sıra ölkələrə səfərlərdən aldığı təəssüratını əks etdirdiyi rəsmlər də jurnala gözəllik verir.