SİYASƏT
Azərbaycanın çoxvektorlu siyasi kursunda İtaliya ilə əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycanın çoxvektorlu siyasi kursunda İtaliya ilə əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, İtaliya həm Avropanın aparıcı dövlətlərindən, həm də dünyanın inkişaf etmiş “Böyük yeddilik” ölkələrindən biri sayılır. Bu baxımdan Azərbaycan - İtaliya münasibətləri qarşılıqlı faydalı maraqlar çərçivəsində mühüm tərəfdaşlıq əlaqəsi ilə bağlıdır. Müstəqilliyin ilk illərindən İtaliya Azərbaycanın apardığı haqq savaşına dəstək verib, ərazi bütövlüyü məsələsində beynəlxalq hüququ əsas götürərək dünyanın aparıcı təşkilatlarında ölkəmizin yanında yer alıb. Dövlətlərarası münasibətlərdə siyasi, iqtisadi maraqlar tarixi ənənələrə söykənəndə dayaqlar daha möhkəm xarakter alır və istənilən qüvvə təməl prinsiplərə xələl gətirmək imkanından məhrum olur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
“Dövlətimizin başçısının İtaliyaya və bu ölkə prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynamaqla yanaşı, strateji tərəfdaşlığı da gücləndirir”. Səfərlər zamanı ölkə başçıları hərbi, hərbi-texniki, energetika, ticarət investisiya sahələrində əməkdaşlıq barədə müzakirələr apardı. Bu istiqamətdə real addımların atılmasına dair anlaşmalar imzaladılar. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın strateji tərəfdaşlıq səviyyəsində siyasi, iqtisadi və ticari əlaqələrində statistik indekslərinə görə ilk yeri tutur. Azərbaycan da Cənubi Qafqazda İtaliyanın ən iri ticarət tərəfdaşıdır. Regionda İtaliya şirkətlərinin ən çox fəaliyyət göstərdiyi ölkə məhz Azərbaycandır. Buraya tikinti, kənd təsərrüfatı, sənaye, ticarət, xidmət, rabitə və sair sektorlar aiddir.
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi zamanı: “Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib”, - deyə dövlətimizin başçısı vurğulamışdı.
Politoloq qeyd edib ki, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. İtaliyanın ən böyük xammal neft idxalatçısı da Azərbaycandır. Qlobal geosiyasi vəziyyətin yaratdığı çətinliklər Azərbaycanı Avropanın təbii ehtiyatlar tədarükündə önə çıxarıb. Bu yöndə İtaliyanın enerji daşıyıcılarına olan tələbatının təmin olunmasında ölkəmiz etibarlı tərəfdaşdır. Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmaqla enerji xəritəsinin dəyişdirilməsinə nail olmağı qarşısına məqsəd qoyub. Cənubi Qaz Dəhlizinin imkanları çərçivəsində nəql olunan qazın həcmi artdıqca İtaliya Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyacaq.
Azərbaycanın zəngin bərpaolunan enerji ehtiyatlarına malik olması İtaliyanın maraq dairəsindədir. Bu mənbələrin reallaşdırılmasında İtaliyanın “Technip Energies” şirkəti “yaşıl” texnologiya, sənayenin rəqəmsallaşdırılması, tullantıların idarə edilməsi, dənizdə külək enerjisi və digər layihələrin icrası beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusilə əhəmiyyətlidir.
O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Türkiyədən sonra İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə ikinci yerdədir. Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.
Azərbaycan-İtaliya arasında baş tutan və gələcəkdə reallaşması planlaşdırılan layihələr hər iki dövlətin dostluq əlaqələrinin yüksələn xətlə inkişafına təkan verəcək. Eyni zamanda, bu əlaqələr tarixin və zamanın tələblərinə uyğun şəkildə yeni strateji səhifələr açacaq.