AZƏRBAYCANLI GİMNASTLAR İTALİYADA KEÇİRİLƏN DÜNYA KUBOKUNDA BEŞİNCİ YERİ TUTMUŞLAR
Bakı, 4 may (AZƏRTAC). İtaliyanın Pesaro şəhərində gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatmışdır. Bu mərhələdə Azərbaycanlı gimnast qızlar beşinci yeri tutmuşlar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Bakıda keçiriləcək Avro-2009 çempionatının iştirakçılarından biri - dörd mümkün finaldan üçündə iştirak etmək hüququ qazanmış Anna Qurbanova ip və halqa ilə hərəkətlərdə daha yaxşı nəticə göstərərək beşinci yeri, top ilə hərəkətlərin finalında isə altıncı yeri tutmuşdur.
Ölkəmizi təmsil edən Aliyə Qarayeva da üç dəfə finala çıxmışdır. O, ip və top ilə hərəkətlərdə yeddinci yeri tutmuş, lent ilə hərəkətlərdə isə 8-ci nəticə göstərmişdir.
Gimnast qızlarımız çoxnövçülükdə 101,65 bal toplayaraq 9-10-cu yerləri bölüşdürmüşlər. Dünya Kuboku yarışlarında Azərbaycanı təmsil edən digər gimnast - Zeynəb Cavadlı 91,85 bal toplayaraq 33 iştirakçısı arasında 18-ci yeri tutmuşdur.
Ölkəmizin yaşlılardan ibarət qrup komandası da finalda göstərdiyi nəticə ilə öyünə bilər. Bu ilin əsas startına - sentyabrda Yaponiyada keçiriləcək dünya çempionatına hazırlaşan Azərbaycan kollektivinə Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Celya Quliyeva və Nigar Mirzəyeva daxildir. Üç lent və iki ip ilə çıxış edən idmançılarımız 23,7 xal toplayaraq 5-ci yeri tutmuşlar.
İkinövçülükdə Azərbaycanın yığma komandası 6-cı yeri tutmuşdur.
Federasiyasının mətbuat xidmətindən onu da bildirmişlər ki, İtaliyada keçirilən turnir mayın 15-də Bakıda start götürəcək Avropa çempionatı ərəfəsində fərdi qaydada çıxış edən gimnastlar üçün sonuncu turnir olmuşdur.
Artıq məlumdur ki, xarici nümayəndə heyətlərindən Bakıya birinci olaraq Litva gimnastları gələcəklər. Onların ölkəmizə gəlişi mayın 11-nə keçən gecə gözlənilir. Yarışlar mayın 15-də saat 10:30-da yeniyetmə gimnastların çıxışı ilə başlanacaqdır. Elə həmin gün saat 18.30-da çempionatın rəsmi açılış mərasimi keçiriləcəkdir.
Avro-2009 çempionatının gedişi Azərbaycanda “Lider TV” telekanalı ilə yayımlanacaqdır. Qitə birinciliyinə xarici ölkələrin televiziya kanalları da maraq göstərirlər. Məsələn, Rusiyanın “RTR Sport” telekanalı öz şərhçisini Bakıya göndərəcəkdir. Dünyanın başqa ölkələrində gimnastika həvəskarları isə Bakıda keçirilən Avro-2009 çempionatını “Eurosport” və bəzi başqa telekanallar vasitəsilə izləyə biləcəklər.