Azərbaycanlı nazir ölkəmizin enerji siyasətinin istiqamətlərini G20 qrupu iştirakçılarının diqqətinə çatdırıb
İstanbul, 2 oktyabr, AZƏRTAC
Türkiyənin sədrliyi ilə fəaliyyət göstərən G20 qrupunun (Böyük İyirmilik) üzvü olan və dəvət edilən ölkələrin energetika nazirlərinin İstanbulda keçirilən birgə toplantısı oktyabrın 2-də başa çatıb.
Təşkilatda xüsusi dəvətli qonaq statusunda təmsil olunan Azərbaycanı bu toplantıda energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Prezident Rəcəb Tayyib Ərdoğan toplantıdakı çıxışında Azərbaycanın karbohidrogen ehtiyatları hesabına gerçəkləşən TANAP layihəsinin dünya iqtisadiyyatının inkişafına böyük təsirə malik olduğunu vurğulayıb.
Toplantıda enerjiyə əlçatanlıq, mövcud bazar şərtləri ilə enerjiyə sərmayə qoyuluşu, enerji səmərəliliyi, bərpa olunan enerji məsələləri və energetika sahəsində əməkdaşlığa dair digər məsələlər müzakirə olunub. Bundan başqa, G20 enerji əməkdaşlığının prinsiplərinə də qiymət verib.
Müzakirə olunan məsələlərin əhəmiyyəti barədə AZƏRTAC-ın suallarını cavablandıran nazir Natiq Əliyev diqqətə çatdırıb ki, energetika nazirlərinin və təşkilatın bundan əvvəlki toplantıları “Böyük İyirmilik” ölkələri dövlət başçılarının 2015-ci ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır. Dünyada 1,3 milyard insanın elektrik enerjisindən məhrum olması, 2 milyarddan artıq insanın istilik enerjisinə olan ehtiyaclarını köhnə üsullarla ödənilməsi barədə toplantıda Prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi fikirlərə diqqət çəkən N.Əliyev bildirib ki, görüşdə və toplantı çərçivəsində keçirilmiş konfransda enerjinin səmərəliliyi, sərmayələrin asılılığı, onlara təsir edən elementlər, sərmayələrin artırılmasının yolları barədə əhəmiyyətli müzakirələr aparılıb.
“Mən də Azərbaycan dövlətinin energetika siyasətinə dair prinsiplərini toplantı iştirakçılarının diqqətinə çatdırdım. Qeyd etdim ki, energetika sahəsinə aid sərmayə faktoru təkcə texnologiyalarla, yaxud neft məhsullarının qiyməti ilə bağlı deyil. Eyni zamanda, təhlükəsizlik, əmin-amanlıq və sabitlik bu sərmayələrə təsir edən əsas faktorlardandır. Dünyada enerji mənbələri kifayət qədər çoxdur, lakin onların nəqlində problemlər var. Odur ki, Azərbaycanın Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya və digər ölkələrlə həyata keçirdiyi layihələr 2018-2019-cu illərdə dünyada enerji təhlükəsizliyinə böyük töhfələr verəcək. Bundan başqa, Azərbaycanın elektrik enerjisinin istehsalı, effektivliyi və səmərəliyinə dair layihələri də beynəlxalq əhəmiyyət daşıyır” -deyə nazir vurğulayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul