“AzərTAc-dan AzərTAc-a. Mürəkkəb və şərəfli yol”
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Teleqraf Acanslığının varisi, bugünkü müstəqil Azərbaycan Respublikasının rəsmi xəbər agentliyi - AZƏRTAC özünün tarixinin 89-cu ilini yaşayır. Oxucular bu günlərdə “Şərq-Qərb” nəşriyyatının çapdan buraxdığı “AZƏRTAC-dan AZƏRTAC-a. Mürəkkəb və şərəfli yol” kitabında ilk dəfə olaraq agentliyin tarixi barədə maraqlı məlumatlar ala biləcəklər.
Nəşrin müəllifləri Aslan Aslanov, Vaqif Musayev və Dağbəyi İsmayılov, rəyçiləri AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan mətbuatının qocaman nümayəndəsi, Prezident təqaüdçüsü, əməkdar jurnalist Azad Şərifdir.
Kitabın adındakı “mürəkkəb və şərəfli yol” ifadəsi heç də bəlağət xatirinə seçilmiş gəlişigözəl sözlər deyildir. Agentliyin bir-birindən tamamilə fərqlənən, lakin hərəsi tariximizin bir mərhələsi olan dörd respublika dövründə fəaliyyət göstərməsinin, yarandığı vaxtdan adının yeddi dəfə dəyişməsinin özü keçilmiş yolun həqiqətən mürəkkəb və eyni zamanda, şərəfli olduğunu təsdiq edir. Çünki respublikanın baş xəbər agentliyinin tarixi həm də ümumən ölkəmizin tarixinin bir hissəsidir. Bu tarix isə, bildiyimiz kimi, çox faciəli, ağrılı-acılı, eyni zamanda fərəhli, qürur doğuran və fəxr etməli səhifələri olan bir tarixdir. Bütün bu illər ərzində AZƏRTAC respublikamızda baş verən hadisələr barədə yaydığı xəbərlərlə həmin tarixin salnaməsinin gələcək nəsillərə çatdırılmasına xidmət etmişdir. Ölkədəki ictimai-siyasi quruluşun, hakim ideologiyanın tələblərinə və təzyiqlərinə baxmayaraq, agentliyin jurnalistləri öz peşələrinə həmişə sadiq qalmışlar. Oxucular bütün bu məqamlar barədə konkret faktlarla tanış ola biləcəklər.
Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərliyinin hər iki dövründə ölkə həyatının bütün başqa sahələri kimi, mətbuata da daim böyük diqqət və qayğı göstərmişdir. Məhz onun sayəsində hələ sovet dövründə agentliyin ittifaqda birincilər sırasında o vaxtın ən müasir texniki avadanlığı ilə təchiz edilməsi, müstəqillik illərində AZƏRTAC-ın rəsmi informasiya orqanı statusunun bərpa olunması, fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi vurğulanır. Kitaba ulu öndərin, habelə Prezident İlham Əliyevin bilavasitə AZƏRTAC-la bağlı imzaladıqları fərman və sərəncamlar da daxil edilmişdir.
Kitabda indiki mərhələdə beynəlxalq əlaqələrini getdikcə genişləndirən, artıq dünya informasiya məkanına çıxmış, xəbər agentliklərinin OANA və EANA kimi ən mötəbər regional qurumlarının üzvü olan AZƏRTAC-ın fəaliyyətinin müxtəlif istiqamətləri, uğurları barədə kifayət qədər məlumat vardır. Nəfis tərtibatda və yüksək poliqrafik səviyyədə çap edilmiş kitabda verilmiş çoxsaylı fotoşəkillər təkcə illüstrasiya materialı olmayıb, həm də əlavə informasiya kimi əsərin məzmununu tamamlayır.
Nəhayət, materialların üç dildə - Azərbaycan, ingilis və rus dillərində verilməsi oxucular üçün də münasibdir və yəqin ki, onların əhatə dairəsi daha geniş olacaqdır.
######
