“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası “YAŞAT” marafonu üçün çağırış edib
Bakı, 24 may, AZƏRTAC
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizi Azərbaycan Diasporuna Dəstək Fondunun və “YAŞAT” Fondunun birgə təşkil etdiyi “YAŞAT” xeyriyyə marafonunda fəal iştirak etməyə çağırıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Assosiasiyanın sosial media şəbəkələrində paylaşılan müraciətində bildirilib ki, Azərbaycan xalqı heç zaman oğullarının qəhrəmanlığını unutmayacaq. “Əziz dostlar, gəlin, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərin və yaralanan qazilərin ailələrinə kömək edək! Biz sizi ağır bərpa dönəmini keçən qəhrəmanların ailələrinə yardım etməyə çağırırıq. Məhz bu məqsədlə Azərbaycan Diasporuna Dəstək Fondu bu xeyriyyə marafonunu təşkil edir", - deyə müraciətdə bildirilib.
Qeyd edək ki, “Azİz” rəhbərlərinin və fəallarının internet üzərindən müraciəti və “Ana Vətən çağırır!”, “Gəlin bir olaq!”, “Birlikdəyik!” çağırışları çoxsaylı sosial şəbəkə istifadəçiləri tərəfindən izlənilib və paylaşılıb.