AzMİU tələbələri Türkiyədə keçirilən İnşaat Mühəndisliyi Zirvəsində iştirak ediblər
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvləri Türkiyənin İstanbul Texniki Universitetinin hər il keçirdiyi İnşaat Mühəndisliyi Zirvəsində (CivilCon 2024) iştirak ediblər. AzMİU-nu tədbirdə TEC-in sədri Günel İmamquliyevanın rəhbərliyi ilə İnşaat fakültəsinin bir qrup tələbəsi təmsil edib. TEC-in gənclərin elmə marağının artırılması istiqamətində növbəti addımı olan bu tədbir maraqlı görüşlər, seminar, panel və vörkşoplarla yadda qalıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr müxtəlif ölkələrdən gələn elm adamları ilə ünsiyyətində olub, beynəlxalq təcrübəni öyrənib, inşaat mühəndisliyi sahəsində son yeniliklər barədə məlumat əldə ediblər. Tədbir inşaat mühəndisliyi sahəsində aktual problemləri üzə çıxarmaq, onun gələcəyi ilə bağlı fikir və təcrübələri bölüşmək, həll yolları axtarmaq məqsədi daşıyıb.
Müxtəlif ölkələrdən inşaat mühəndislərinin qatıldığı proqram həm nəzəri, həm də praktiki hissələrdən ibarət olub. Birinci gün tələbələr tədbirin açılış mərasimində iştirak edib və İstanbulun tarixi abidələrini ziyarət ediblər. Növbəti günlərdə AzMİU nümayəndələri seminarlara, vörkşoplara, şirkətlərin nümayəndələri ilə görüşlərə qatılıblar.
Proqram çərçivəsində gənclərə fərqli tapşırıqlar verilib. Tələbə gənclər onlara təqdim olunan tapşırıqlara əsasən müxtəlif hissələrdən ibarət konstruksiyalar yığıblar. AzMİU-nun tələbələrinin də qatıldığı yarışda inşaat materiallarından istifadə edərək konstruksiyalar hazırlanıb. Yekunda tapşırıqları uğurla yerinə yetirən tələbələrimiz yarışdan qalib kimi ayrılıblar.
Sonuncu gün isə iştirakçılar üçün texniki səyahət təşkil olunub və tələbələrimiz tunel tikintisini yaxından izləyiblər.