“Bakcell U-17” və U-16 liqalarının qalibləri mükafatlandırılıb
Bakı, 19 may, AZƏRTAC
“UEFA U-17” Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində “Dalğa Arena”da keçirilmiş Almaniya-İspaniya qarşılaşmasının fasiləsində AFFA-nın “Bakcell U-17” Liqasının və U-16 Liqasının 2015/2016-cı il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers təqdim ediblər.
“Bakcell U-17” Liqasının qalibi “Neftçi” futbol komandası olub. “Qəbələ” ikinci, “Sumqayıt” isə üçüncü yeri tutub. U-16 Liqasında mövsümü birinci pillədə “Qəbələ” başa vurub. Sonrakı pillələrdə, müvafiq olaraq, “Əlincə” və “Neftçi” qərarlaşıb.