Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib
Bakı, 27 mart, AZƏRTAC
Koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə paytaxtda görülən genişmiqyaslı tədbirlər çərçivəsində Bakı Ağ Şəhərin ərazisindəki küçələrdə xüsusi kommunal texnikalar vasitəsilə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.
Bakı Ağ Şəhərdən AZƏRTAC-a bildirilib ki, küçə və prospektlərin kənarları, yollar və səkilər xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur. Ağ Şəhərin Xəqani Rüstəmov, Mərkəzi Bulvar, 1-ci Yaşıl Ada və digər təhvil verilmiş küçələri də xüsusi diqqət mərkəzində saxlanılır.
Ağ Şəhər ərazisindəki parklar, bağlar və uşaq meydançalarında da dezinfeksiya tədbirləri görülür.
Mülki və Mənzil Məcəlləsinə əsasən Mənzil Tikinti Kooperativlərinin idarə etdikləri binalarda dezinfeksiya işləri istismar qrupları tərəfindən payçıların vəsaiti hesabına həyata keçirilir. Yaşayış binalarının həyətləri, giriş hissələri, lift kabinləri, pilləkən marşları, konteyner meydançaları, həyətlərdə sakinlərin daha çox istifadə etdiyi yerlərdə oturacaqlar, idman və əyləncə qurğularında, yerüstü və yeraltı parkinqlərində, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.
Bakı Ağ Şəhər ərazisində fəaliyyət göstərən müəssisə və ofis mərkəzlərində də qabaqlayıcı-profilaktik tədbirlər görülməkdədir. Həmçinin hər bir sakinin şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi ilə bağlı maarifləndirici işlər də aparılır.