Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Ulu Öndərin xatirəsinə həsr edilmiş təqdimat keçirilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Rusiya Təbiətşünaslıq Elmləri Akademiyasının akademiki, Rusiya Federasiyası Qloballaşma və Dayanıqlı İnkişaf İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədovun “Qloballaşma, dayanıqlı inkişaf və müxtəlifmədəniyyətlilik” mövzusunda mühazirə-təqdimatı olub.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun icraçı direktoru Azad Məmmədov Azərbaycanın dayanıqlı inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz rolundan danışıb.
Fəlsəfə elmləri doktoru Nizami Məmmədov mühazirəsində qloballaşma dövrünün spesifikası, dayanıqlı inkişafın prinsiplərini xatırladaraq Azərbaycanın müasir dövrdə keçdiyi tərəqqi yoluna toxunub. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyasının mühüm cəhətlərindən biri olan multikulturalizm və tolerantlıq ənənələri Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin qüdrətlənməsində və sosial-iqtisadi inkişafın təminində əsas rol oynayıb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il oktyabrın 6-da imzaladığı Fərmanını xatırladan mühazirəçi qeyd edib ki, ölkəmiz ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər qazanıb. O deyib: “Dövlətimizin başçısının müvafiq Fərmanında vurğulandığı kimi, Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci il sentyabrın 25-27-də keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir”, - deyə o əlavə edib.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, professor İmamverdi Həmidov, AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi Zaur Əliyev və digərləri çıxış edərək dünyada sülhün və əmin-amanlığın təmin edilməsində, xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində müxtəlif mədəniyyətlər arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.