BAKI SLAVYAN UNİVERSİTETİNDƏ RUDOLF İVANOVUN YENİ KİTABININ TƏQDİMATI
Bakı Slavyan Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 25-də burada Rudolf İvanovun görkəmli sərkərdə Cəmşid Naxçıvanskiyə həsr edilmiş “Sovet İttifaqı adından…” kitabının təqdimat mərasimi olmuşdur.
Kitab Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış və çap edilmişdir.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev ölkəmizin böyük dostu, Azərbaycan xalqının tanınmış nümayəndələri haqqında bir neçə tarixi kitabın müəllifi Rudolf İvanovu səmimi salamlamışdır. Rektor demişdir: Bu kitabda general Cəmşid Naxçıvanskidən, onun mənsub olduğu qədim nəslin nümayəndələri olan görkəmli sərkərdələrdən bəhs edilir. Məhz general C.Naxçıvanskinin böyük xidmətləri xalqımızın ümummilli lideri Heydər Əliyevi ölkəmizin hərbi məktəblərindən birinə onun adını verməyə sövq etmişdi.
K.Abdullayev bu fundamental əsərə görə müəllifə təşəkkürünü bildirmişdir.
Milli Məclisin deputatı Elmira Axundova kitab üzərində iş prosesində müəlliflə yazışması və əməkdaşlıq etməsi barədə xatirələrini söyləmişdir.
Rudolf İvanov kitabda istifadə edilmiş 600-dən çox arxiv materialları üzərində necə işləməsindən, Cəmşid Naxçıvanskinin dəfn edildiyi yeri necə axtarıb tapmasından söhbət açmışdır.