Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar yekunlaşıb
Bakı, 19 yanvar, AZƏRTAC
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Ümumxalq Hüzn Günü ilə bağlı hazırlıq işləri aparılıb, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri başa çatıb.
Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarının əməkdaşları yanvarın 20-də xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda, kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.