CƏMİYYƏT
Bakıda AHİK və TURK İŞ-in birgə toplantısı olub
![](/files/galleryphoto/2023/2/1200x630/16905530753383913196_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905530753748227731_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690553076626956824_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1690553076452487671_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16905530761380827690_1200x630.jpg)
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Türkdilli dövlətlərin həmkarlar ittifaqlarının iştirakı ilə birgə toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK, Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyası (“Türk-İş”), Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyası və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının rəhbərliyi iştirak edib.
Tədbirdən əvvəl Fəxri xiyabanda Ulu Öndərin məzarı, Şəhidlər xiyabanı və “Türk şəhidliyi” abidəsi ziyarət olunub.
Sonra “Fairmont Baku” oteldə Ergün Atalayın sədrliyi ilə TURK İŞ-in İdarə Heyətinin səyyar iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb, müvafiq qərarlar qəbul olunub. Həmçinin quruma üzv təşkilatların rəhbərlərinin ötən dövr ərzində görülən işlərlə bağlı hesabatları dinlənilib, gələcək fəaliyyət planı müzakirə edilib.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının birgə toplantısı öz işinə başlayıb. Tədbirdə əvvəlcə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın, həmçinin bu il Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki ölkənin həmkarlar ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışıb.
Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edən S.Möhbalıyev qardaş Türkiyənin 44 günlük Vətən müharibəsində olduğu kimi, postmüharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərində fəal iştirakına diqqət çəkib.
Ölkələrimiz arasında əlaqələrin gündən-günə daha da dərinləşdiyini vurğulayan AHİK sədri Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlərin mövcud vəziyyətinə də toxunub. Vurğulanıb ki, münasibətlərimizin dayanıqlığı və formalaşmış qarşılıqlı inam həmkarlar ittifaqlarımız arasında da sıx əlaqələrin qurulmasına xidmət edir. Əlaqələrimiz təkcə konfederasiyalarımız arasında deyil, həm də sahə həmkarlar ittifaqları arasında, hətta yerli həmkarlar ittifaqı səviyyəsində də təmin olunmalı və inkişaf etdirilməlidir.
Azərbaycanla Türkiyə arasında bütün sahələrdə mövcud olan uğurlu əməkdaşlıqdan söz açan TURK İŞ-in rəhbəri Ergün Atalay isə ölkələrimiz arasında həmrəyliyin vacibliyini qeyd edib. Bildirib ki, hər iki ölkənin niyyəti bölgədə sülh və sabitliyi təmin etmək, region ölkələri arasında əlaqələri, xüsusən iqtisadi əməkdaşlığı dərinləşdirməkdir. O, həmçinin Zəngəzur dəhlizinin açılmasının bütün region dövlətləri üçün faydalı olacağına əminliyini ifadə edib.
E.Atalay Kahramanmaraşda baş verən zəlzələdə Azərbaycanın maddi və mənəvi dəstəyini yüksək qiymətləndirib və bu kontekstdə Heydər Əliyev Fonduna xüsusi təşəkkürünü bildirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu işdə köməyini qeyd edən türkiyəli qonaq Türkiyə və Azərbaycan arasında sahə və yerli həmkarlar ittifaqları səviyyəsində əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə digər çıxışlar da dinlənilib, fikir mübadiləsi aparılıb.