BAKIDA “GƏNCLƏR SÜLHÜN TƏRƏFDARIDIR” ADLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Bakı, 6 may (AZƏRTAC). Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 86-cı ildönümünə həsr olunmuş “Gənclər sülhün tərəfdarıdır” adlı beynəlxalq konfrans keçirilir.
Konfrans iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə çiçəklər düzmüşlər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət etmişlər.
Tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Qırğızıstan, Qazaxıstan və Belarus dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirmişdir ki, konfrans “Biz Qələbənin varisləriyik” beynəlxalq aksiyanın Azərbaycanda həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı çərçivəsində keçirilir. O, ölkəmizdə gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində hazırlanmış dövlət proqramlarından və bu sahədə görülən işlərdən danışmışdır.
Bildirmişdir ki, 700 min azərbaycanlı gənc Böyük Vətən müharibəsində iştirak etmiş, onlardan 300 mini həlak olmuşdur. İ.Babayev Azərbaycanın qəhrəman oğullarının keçdiyi həyat yolunun müasir gənclərə əsl nümunə olduğunu söyləmişdir.
Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən sülh və tərəfdaşlıq siyasəti uğurla həyata keçirilir.
Müdafiə Nazirliyinin şöbə müdiri Abdulla Qurbani Azərbaycanın kəşməkəşli tarixindən danışaraq, erməni qəsbkarlarının ölkəmizdə törətdiyi müsibətlərdən söz açmışdır. O bildirmişdir ki, müharibə şəraitində olmağımıza baxmayaraq, Azərbaycan gənclərinə sülhsevərlik təbliğ olunur. Çünki dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq dünyadakı bütün insanlar sülh şəraitində yaşamalıdır.
Qazaxıstan və Belarus nümayəndələri öz ölkələrində həyata keçirilən gənclər siyasətindən danışmış, dövlətlər arasında sülh və qardaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətini vurğulamışlar.
Konfrans mayın 8-dək davam edəcəkdir.
######
![]() |
![]() |
![]() |


