İDMAN
Bakıda keçiriləcək dünya kuboku yarışlarının partiyaları iki dildə şərh olunacaq
Bakı, 28 iyul, AZƏRTAC
Bakıda keçiriləcək şahmat üzrə dünya kuboku yarışlarının partiyaları Azərbaycan və ingilis dilində şərh olunacaq.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın rəsmi saytı vasitəsilə yayımlanacaq görüşlər Azərbaycan dilində Əməkdar məşqçi Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Sukandar və hindistanlı beynəlxalq usta Saqar Şah tərəfindən təqdim ediləcək.
Dünya kuboku yarışlarını işıqlandırmaq üçün Azərbaycanla yanaşı, Böyük Britaniya, Rusiya, İran, İspaniya, Niderland, Hindistan, Banqladeş, Botsvana, Zambiyadan olan 100-dən çox jurnalist və texniki əməkdaş qeydiyyatdan keçib.
Qeyd edək ki, iyulun 30-da start götürəcək dünya kuboku yarışlarının təntənəli açılış mərasimi ayın 29-da Bakı Konqres Mərkəzində keçiriləcək. Həmin gün eyni zamanda rəsmi şəxslər və şahmatçıların iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.
Yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15:00-da start götürəcək.